Novxanıda 64 kiloqram narkotiklə tutulan dəstəyə 34 il cəza verildi

Xəbər - Samir Əli – Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Müşfiq Mirzəyev və Nadir Babayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

AzerTimes-ın məlumatına görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.

Məhkəmənin hökmü ilə M.Mirzəyev 17 il 6 ay, N.Babayev isə 16 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.


İttihama görə, Nadir Babayevin Novxanı qəsəbəsindəki bağ evinə baxış zamanı oradan ümumi çəkisi 64 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddə, o cümlədən 38 kiloqram 867 qram heroin, 19 kiloqram 960 qram metamfetamin, 1 kiloqram 200 qram tiryək, 3 kiloqram 500 qram marixuana və 448 ədəd narkotik tərkibli satışı qadağan edilən “Metadon” həbləri götürülüb.

Araşdırma zamanı müəyyən olunub ki, Müşfiq Mirzəyev İrandan külli miqdarda narkotik vasitənin Azərbaycan ərazisinə gətirilməsini təşkil edib. Daha sonra o, şəxsi avtomobili ilə narkotik vasitələri Bakı-Astara magistralının Masallı rayonu ərazisindən keçən hissəsində gizlədilən yerdən götürüb və tanışı Nadir Babayevin bağ evinə gətirib. Müşfiq Mirzəyev xarici ölkə vətəndaşının tapşırığı ilə narkotik maddələri Bakı, eləcə də digər şəhər və rayonlarda müxtəlif yerlərə qoymaqla ayrı-ayrı şəxslərə çatdırılmasını və satılmasını təmin etməli imiş.

Teqlər: