Novruz yarmarkasında qiymətlər necədir? (SİYAHI) (FOTO)

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Novruz bayramı ilə
əlaqədar 12-19 mart tarixlərində “Kənddən şəhərə” yarmarkaları
təşkil olunub.

Bakı və Abşeron ərazisində üç fərqli ünvanda keçirilən
yarmarkanın təşkilində əsas məqsəd bayram günlərində vətəndaşların
kənd təsərrüfatı məhsullarına artan tələbatlarını yerli və sağlam
məhsullarla qarşılamaq və yerli fermer təsərrüfatları üçün
alternativ satış kanalı təşkil etməkdir.

“Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyətinin
nümayəndəsi Qalib Bəhramov AzerTimes-a bildirib ki, bu yarmarkalarda
satışa çıxarılan məhsullar müxtəlif regionlarda fəaliyyət göstərən
və iştirak üçün əvvəlcədən qeydiyyatdan keçən fermerlər tərəfindən
alıcılara təqdim olunur:

“Bu gün yarmarkanın üçüncü günüdür. Yarmarkalar mart ayının
19-na qədər hər gün səhər saat 9.00-dan axşam saat 19.00-a qədər
davam edir. “Kənddən şəhərə” Novruz yarmarkalarında 50-ə yaxın
regiondan 100-dən artıq fermer 50-ə yaxın çeşiddə kənd təsərrüfatı
və qida məhsullarının satışını həyata keçirir. Satışa çıxarılan
məhsulların qiyməti fermerlər tərəfindən müəyyən olunur. Yarmarkada
əsas üstünlük çərəz məhsullarına verilib. Bu məhsullara tələbat
daha çoxdur. Alıcılıq qabiliyyəti yüksəkdir”, – deyə Q.Bəhramov
bildirib.

Yarmarkalarda satışa çıxarılan bəzi məhsulların qiymətlərini
təqdim edirik:

ləpə fındıq 11-16 manat,

sarı kişmiş 6-14 manat,

qara kişmiş 8-15 manat,

qaysı 9,5-17 manat,

kənd toyuğu 3-10 manat,

düyü 2-5 manat,

səməni 1-18 manat,

dana əti 9,50 manat,

qaz əti 10 manat,

hinduşka 13-15 manat

Qeyd edək ki, “Kənddən şəhərə” Novruz yarmarkası aşağıdakı
ünvanlarda fəaliyyət göstərir:

– Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro
stansiyasının çıxışı)

– Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B (“İnqilab”
kinoteatrının yanı)

– Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A

Teqlər: