Novruz xalqımızın milli varlıq və mənəviyyat xəzinəsidir – Vüqar Rəhimzadə

Artıq iki ildir xalqımız birlik, həmrəylik, bolluq, bərəkət
rəmzi olan Novruz bayramını fərqli ovqatda, xoş əhval-ruhiyyə ilə
qeyd edir. 2020-ci il Azərbaycan tarixinə Qələbə ili kimi yazıldı.
Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti,
ordumuzun gücü, qüdrəti, xalqımızın birliyi, həmrəyliyi sayəsində
30 ilə yaxın davam edən erməni işğalına son qoyuldu, ərazi
bütövlüyümüz bərpa olundu. Ötən il dövlət başçısı, Müzəffər Ali Baş
Komandan İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və
qızları Leyla Əliyevanın Cıdır düzündə Novruz tonqalını
alovlandırmaları qalib xalqın öz tarixi torpaqlarına qayıdışının
təsdiqi oldu. Ölkə Prezidenti Cıdır düzündən müraciətində bu
torpaqlarda əbədi yaşayacağımızı böyük əminliklə qeyd etməklə
işğalçı dövlətə və ona havadarlıq edənlərə mesajlarını çatdırdı.
Xalqımız bu anı səbirsizliklə gözləyirdi. Cıdır düzündən alovlanan
tonqallar xalqımıza 30 illik torpaq həsrətini unutdurub Qələbə
sevinci yaşatdı. Bu günlər işğaldan azad edilmiş torpaqlarımızda
alovlanan bayram tonqallarının böyük rəmzi və tarixi əhəmiyyəti
var. Biz öz tarixi torpaqlarımızdayıq.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon
təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə
açıqlamasında bildirib.

Ulu öndər Heydər Əliyevin “Gün o gün olacaq ki, Novruz bayramını
bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda,
Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki,
belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu
inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik
edirəm» fikirlərini xatırladan YAP Xətai rayon təşkilatının sədri
vurğulayıb ki, Ümummilli Lider torpaqlarımızın işğaldan azad
ediləcəyinə tam əmin idi. Bu əminliyə əsas verən Azərbaycanın
düşünülmüş siyasəti, ən əsası tarixi faktlara, real məsələlərə
əsaslanan təbliğatı və onların uğurlu nəticələri idi. Ölkə
Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli
Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı.
Şuşanın işğaldan azad edilməsi müjdəsini Şəhidlər xiyabanından
xalqımıza çatdırarkən ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü
xoşbəxt hiss etdiyini xüsusi qeyd etdi.
Vüqar Rəhimzadə Novruz bayramının özəlliklərindən, ənənələrindən
bəhs edərək bildirib ki, hər bir dövləti, xalqı dünyada tanıdan
onun siyasəti ilə yanaşı, milli-mənəvi dəyərləri, adət-ənənələri,
mədəniyyəti və elmi potensialıdır: “Zəngin tarixə, adət-ənənələrə
malik olan Azərbaycan xalqı daim öz tarixi kökləri, milli-mənəvi
dəyərləri, zəngin tarixi ilə fəxr etmişdir. Tarixi çox qədim olan
Novruz bayramının xalqımız tərəfindən hər il böyük təntənə ilə qeyd
olunması da bu bağlılıqdan qaynaqlanır. Dövlət başçısı İlham Əliyev
Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbriklərində də
daim bu məqam xüsusi qeyd edilir ki, milli varlıq və mənəviyyat
xəzinəsi olan Bahar bayramı müdrik əcdadlarımızın bugünkü nəsillərə
misilsiz yadigarıdır. Kainatın dəyişməz ahəngi və əbədi qanunları
ilə bağlı bu el bayramı zamanın sınaqlarından çıxmış çoxəsrlik
mədəniyyətimizin parlaq təcəssümüdür.”

YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, müasir
müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin
hakimiyyətinin hər iki dövründə milli-mənəvi dəyərlərimizin
qorunması, inkişafı əsas istiqamətlərdən biri olub: “Novruzun qədim
köklərə malik olduğunu bəyan edən ümummilli lider Heydər Əliyev bu
bayramın imperiyanın sərt rejimi dövründə respublika miqyasında
yüksək səviyyədə keçirilməsinə nail olmuşdur. Azərbaycan
müstəqilliyini yenidən bərpa edəndən sonra xalqımız bu bayramı daha
böyük təntənə ilə qeyd etməyə başladı. Novruza ümumxalq mahiyyəti
verən ulu öndər Heydər Əliyev bayram şənliklərində hər zaman xalqla
bir yerdə olmuş, milli birliyin və həmrəyliyin vacib amil olduğunu
önə çəkərək onları bu prinsipləri yüksək səviyyədə qorumağa
çağırmışdır. Novruzun ölkəmizdə bu gün də yüksək səviyyədə qeyd
olunması ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə
uğurla davam etdirən Prezident İlham Əliyevin atdığı addımların
məntiqi nəticəsidir. Hər il olduğu kimi, bu il də Novruz bayramını
minlərlə soydaşımız ölkəmizin hüdudlarından uzaqlarda
azərbaycançılıq düşüncəsinin işığında, qalibiyyət ruhunda qeyd
edir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun
prezidenti, UNESCO-nun və İCESCO-nun xoşməramlı səfiri Mehriban
xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramının
UNESCO-nun Qeyri-Maddi-Mədəni İrs üzrə Reprezentativ Siyahısına
daxil edilməsi hər bir azərbaycanlının qəlbini iftixar hissi ilə
doldurur.”

Vüqar Rəhimzadə qeyd edib ki, Novruz bayramı təkcə onu keçirən
türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab
edilir. Kökləri İslamdan əvvəlki tarixi dövrə gedib çıxan Novruz
bayramı Azərbaycanla yanaşı, bütün Şərqdə qeyd olunur. Məhz buna
görə də 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü
sessiyasının iclasında martın 21-i Beynəlxalq Novruz Günü elan
olunub.

Azərbaycanın müxtəlif mədəniyyətlərin və sivilizasiyaların
qovşağında yerləşdiyini önə çəkən YAP Xətai rayon təşkilatının
sədri bildirib ki, milli-mənəvi dəyərlərimizin qorunması, təbliği
istiqamətində biri-birindən əhəmiyyətli addımlar atılır: “Ölkəmizin
beynəlxalq əhəmiyyətli humanitar forumlara ev sahibliyi etməsi də
müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında körpü rolunu
oynamasından və bu mövqeyini günbəgün möhkəmləndirməsindən irəli
gəlir. Məhz bu uğurlara söykənərək, dövlət başçısı İlham Əliyevin
Sərəncamı əsasında 2016-cı il ölkəmizdə “Multikulturalizm İli”,
2017-ci il “İslam Həmrəyliyi İli” elan edilmişdir. Bu addımların
atılmasında məqsəd ölkəmizin multikultural cəmiyyətlərin
formalaşmasına və inkişafına töhfələrini daha da artırmaq idi.
Azərbaycanın 2019-cu ildə UNESCO-nun Ümumdünya İrs Komitəsinin
43-cü sessiyasına ev sahibliyi etməsi də ölkəmizin milli-mənəvi
dəyərlərinin qorunması, təbliği istiqamətində atdığı addımlardan
qaynaqlanmışdır.”

Vüqar Rəhimzadə Novruz ənənələrindən bəhs edərək bildirib ki, bu
ənənələr yazılan mahnıların, çəkilən filmlərin vasitəsilə təbliğ
olunur, indiki və gələcək nəsillərə çatdırılır. Dövlət başçısı
İlham Əliyev daim bu çağırışı edir ki, gənclərimiz milli ruhda,
vətənpərvərlik ruhunda tərbiyə olunmalı, milli-mənəvi dəyərlərimizi
qorumalı və inkişaf etdirməli, onları yad ünsürlərdən
qorumalıdır.

“Tarixi Zəfərimiz xalqımızın milli-mənəvi dəyərlərinə
bağlılığının, torpaq, Vətən sevgisinin bir daha təqdimatı oldu”
söyləyən Vüqar Rəhimzadə qeyd edib ki, Müzəffər Ali Baş Komandan
İlham Əliyev Zəfərimizi şərtləndirən amillərdən bəhs edərkən bu
məqamı xüsusi qeyd edir ki, mənim prezidentliyim illərində
Azərbaycanda torpaq uğrunda canını fəda etməyə daim hazır olan gənc
nəsil yetişdi. Bu gənclik öz qanı-canı bahasına torpaqlarımızı
düşmənin əlindən aldı. Müharibədə bütün nəsillərin nümayəndələri
iştirak ediblər, qəhrəmanlıq göstəriblər. Ölkə Prezidenti bu
çağırışı edir ki, amma hər kəs bilməlidir ki, əsas missiyanı mənim
prezidentlik dövrümdə yetişən, 2003-cü ildə uşaq olan gənclər
yerinə yetiriblər. Tarixi Qələbəmizin qazanılmasında ilk növbədə,
onlara, bütün Azərbaycan xalqına borcluyuq.

YAP Xətai rayon təşkilatının sədri birlik, həmrəylik, bolluq,
bərəkət rəmzi olan Novruz bayramı münasibətilə xalqımızı təbrik
edib, tarixi Zəfərimizin qəhrəmanları olan şəhidlərimizin müqəddəs
ruhları qarşısında baş əyərək onlara Allahdan rəhmət, qazilərimizə
şəfa diləyib.

Teqlər: