Novruz tətili üçün tur paketlərin sifarişi ilə bağlı sorğular azdır – Ekspert

Xəbər - İlhamə İsabalayeva – Trend:

Ötən ilə nisbətən bu ilin fevral ayında Novruz tətili üçün daxili tur paketlərin sifarişləri ilə bağlı sorğular hələ ki azdır.

Bunu AzerTimes-a turizm üzrə mütəxəssis Fariz Hacıyev deyib.

Onun sözlərinə görə, yeni bir qapanma olmayacağı təqdirdə fevralın sonundan etibarən martın 2-ci həftəsinə qədər hotel rezervasiyaları və daxili tur paket satışlarının artan temp üzrə gedəcəyi ehtimal edilir.

Hazırda daxili turizmin bərpa dövrünü yaşadığını deyən F.Hacıyev qeyd edib ki, karantin rejiminin son yumşalma tədbirlərindən sonra bu sahədəki fəallıq gözə çarpan dərəcədədir.

Ekspert qeyd edib ki, əvvəlki illərdə turizm şirkətləri Novruz bayramındakı tətil günləri üçün artıq yanvar ayının əvvəlindən bütün plan-proqramlarını hazırlayırdılar. Bu il isə Novruz tətili üçün turizm şirkətlərinin hazırladığı planlar məhduddur. Çünki bəzi hotellər hələ də fəaliyyətini bərpa etməyiblər.


Mütəxəssis bu fikirdədir ki, rayonlar və şəhərlərarası gediş-gəliş mart ayında da açıq olarsa, Novruz tətilindəki aktivlik hətta ötən illəri də üstələyə bilər. Buna səbəb xaricə uçuşların məhdud, xarici turların “yox” səviyyədə olmasıdır:

“Avropada müşahidə edilən dinamika bunu deməyə əsas verir ki, xarici turların baş tutması hələ uzun müddət real görünmür. Eyni zamanda qonşu Gürcüstanla quru sərhədlər bağlıdır Buna görə də yerli səyahət sevərlərin böyük bir qisminin 1 həftəlik tətil planı öz bölgələrimiz ilə bağlı olacaq”.

F.Hacıyev qeyd edib ki, qış mövsümündə turistlərin ən çox səfər etdiyi rayonlar Qəbələ, Şamaxı, Quba Qusar rayonları olursa, Novruz tətilində bu rayonlara maraq nisbətən azalır. İstəklərə əsasən, turistlərin Novruz bayramında ən çox getmək istədikləri zona cənub bölgəsidir. Çünki burada Novruz bayramı daha fərqli,daha rəngarəng keçirilir:

“Təbii ki, bu il də pandemiya şəraiti davam etdiyindən əvvəlki kimi toplaşmaq, səs-küylü Novruz bayramının keçirilməsi real görünməsə də, insanlar hər bir halda yenə də bu bölgələrə uz tutacaqlar. Cənub bölgəsi ilə yanaşı, Şəki, Qax, Gəncə-Göygöl, Qəbələ-Şamaxı, Quba-Qusar istiqamətlərinə də səfərlərin təşkili üçün xeyli müraciətlərin olacağı gözlənilir. Naftalanı da xüsusi vurğulamaq istərdim. Bildiyiniz kimi Naftalanda bir sıra müalicəvi sanatoriyalar fəaliyyət göstərir. Tətil günlərindən istifadə edib bir qisim insanlar müalicə məqsədi ilə sanatoriyalara üz tutacaqlar. Əvvəlki illərdə müalicəvi turizm üçün xarici sanatoriyalara üz tutanların da bir çoxunu bu siyahıya əlavə etmək olar”.

Teqlər: