Novruz bayramı milli birliyimizin ən parlaq təzahürlərindən biridir – Kamaləddin Qafarov

“Sovet imperiyası dövründə üzərinə “dini bayram” damğası vurulub
qeyd olunmasına sərt qadağa qoyulmuş Novruz – bu əsrarəngiz bahar
bayramı uzun illərin fasiləsindən sonra, 1969-cu ildən
respublikamızda təntənə ilə qeyd olunmağa başlandı. Hələ 1994-cü
ildə, Novruz şənliklərində iştirak edən ümummilli lider Heydər
Əliyev xalqa müraciət edərək demişdi: “Novruz bayramı xalqın milli
birlik, sarsılmaz dostluq və qardaşlıq bayramıdır. Ürəklərdən
kin-küdurəti silib yerində sevgi, məhəbbət və sədaqət kimi saf
duyğular cücərdən, bölümləri bütövlüklə, kədəri sevinclə əvəz edən,
cəmiyyətdə xoş münasibətlərin meydanını genişləndirən bir
bayramdır. Novruz uzaq minilliklərin o tayından çağdaş dövrümüzə
qədər ağır təzyiqlərə sinə gərə-gərə, keçilməz maneələri yara-yara
müstəqillik qazanıb. Bizim də qələbə yolumuz xalqın birliyindən
keçir””.

Bu sözləri Novruz bayramı münasibətilə mətbuata verdiyi
açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Kamaləddin Qafarov deyib. Millət vəkili Novruzun fəlsəfi
əsaslarından danışaraq bildirib ki, bu bayram həyatın və yeniliyin
ən mükəmməl rəmzidir: “Novruz sözünün mənası yeni gün deməkdir.
Qədim dövrlərdən insanlar qarlı-şaxtalı qış fəslinin başa
çatmasını, yazın gəlişini müxtəlif mərasim və rituallarla
qarşılayıblar. Azərbaycanlılar Novruzdan əvvəl 4 çərşənbənin – su,
od, yel və torpaq çərşənbəsini də bayram kimi qeyd edirlər. Bunun
səbəbi isə bir sıra qədim inanclara görə kainatın 4 ünsürdən – su,
od, torpaq və küləkdən yaranması və təbiətin həmin bu ünsürlər üzrə
oyanışının qeyd olunmasıdır. Su çərşənbəsi qışda donmuş çayların
baharın ilk nəfəsi ilə əriyib tədricən torpağı nəmləndirməyə
başlamasına, od çərşənbəsi – günəşin torpağı isidərək, onu
canlandırmasına, yel çərşənbəsi – artıq oyanmış torpağı,
tumurcuqlanmağa başlayan gülləri, ağacları yaz ətirli mehlə
hərəkətə gətirməsinə, torpaq çərşənbəsi – torpağın
əkilib-becərilməyə hazırlığına işarə olaraq qeyd edilir”.

Milli Məclisin deputatı Novruz bayramının 2009-cu ildən
UNESCO-nun qeyri-maddi irs siyahısına salınmasını bütün Türk
dünyası üçün mühüm əhəmiyyət kəsb edən bir hadisə kimi xarakterizə
edərək deyib: “2004-cü ildən başlayaraq Azərbaycanın mədəni irs
nümunələrinin UNESCO-nun Ümumdünya İrs, Qeyri-maddi mədəni irsin
reprezentativ siyahısına daxil edilməsi, qoruma altına alınması
Mehriban xanım Əliyevanın bu işə həssas münasibətinin parlaq
ifadəsidir. 23 fevral 2010-cu ildən etibarən isə BMT Baş
Assambleyasının 64-cü sessiyasının iclasında hər il martın 21-i
“Beynəlxalq Novruz Günü” elan olunub.”

Millət vəkili Prezident İlham Əliyevin yüksək mənəvi
dəyərlərimizi, adət və ənənələrimizi yaşadan bu ümumxalq bayramını
yüksək dəyərləndirdiyini xüsusi qeyd edib: “Ölkə Prezidenti cənab
İlham Əliyev hər il Azərbaycan xalqını Novruz bayramı münasibətilə
təbrik edir. Bu təbriklərdən birində dövlətimizin başçısı demişdi:
“Azərbaycan torpağında çox qədim kökləri olan, uzaq keçmişlərdən
xalqımızın mənəvi həyatının ən dərin qatlarına nüfuz edən və
zamanın sınaqlarından günümüzədək uğurla çıxan Novruz bayramı
ənənəvi dəyərlər sistemimizin təşəkkülündə müstəsna əhəmiyyətə
malikdir. Əcdadlarımızın müqəddəs yadigarı kimi bu bayram təbiətin
ilahi nizamına ehtiramın aydın ifadəsidir.”

Artıq ikinci ildir ki, Azərbaycan xalqı Novruz bayramını xüsusiş
ruh yüksəkliyi ilə qeyd edir. İki il bundan öncə rəşadətli
Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin
rəhbərliyi ilə Vətən müharibəsini tarixi Qələbə ilə başa vuraraq
mənfur erməni qəsbkarlarının torpaqlarımızdan qovdu, 30 il işğal
altında olan torpaqlarımızı azad etdi. Ulu Öndər Heydər Əliyev hələ
uzaq 1998-ci ildə demişdi: “Gün o gün olacaq ki, Novruz bayramını
bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda,
Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki,
belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu
inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik
edirəm.” Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş
Komandan cənab İlham Əliyev Ümummilli Liderin bu vəsiyyətini də
yerinə yetirdi və Azərbaycan xalqının arzularını reallaşdırdı. Ali
Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma
torpaqlarımızı işğaldan azad etdi və xalqımız bundan sonra həmin
ərazilərdə Novruz bayramını min illiklər boyunca qeyd edəcəkdir!” –
deyə Kamaləddin Qafarov fikirlərini tamamlayıb.

Teqlər: