Növbəti tədris ilindən etibarən ənənəvi təhsilin bərpası zəruridir – Ekspert

Xəbər - Çingiz Səfərli – Trend:

Vaksinasiyanın sürətlənməsi, təhsil sahəsində çalışanların böyük hissəsinin peyvəndlənməsi bizə yeni tədris ilindən ənənəvi təhsilin bərpa edilməsinə imkan verir.

Bunu AzerTimes-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, distant təhsil orta ümumtəhsil məktəblərində bəzi fənlərin tədrisində çətinlik yaradır: “2020-ci ilin martın 3-dən etibarən Azərbaycanda pandemiya səbəbindən ənənəvi tədris prosesi dayandı. Bu, dünyanın müxtəlif ölkələrində fərqli vaxtlarda həyata keçirilib. Qeyd edim ki, pandemiya dövründə tədrisin təşkili çox çətin prosesdir. Çünki burada ən vacib məqam insanlar arasında birbaşa individual kommunikasiyanın kəsilməsidir. Beləliklə, alternativ kommunikasiya, elektron resurslar vasitəsilə tədrisin təşkili ortya çıxır. Etiraf edək ki, dünya ölkələri pandemiya dövründə istər orta məktəblərdə, istərsə də ali məktəb səviyyəsində tədrisi tam keyfiyyətli şəkildə təşkil edə bilmədilər. Azərbaycan pandemiya dövründə tədrisin təşkilinə çevik reaksiya verən ən yaxşı ölkələr arasında ilk onluqda yer aldı. Belə ki, mart ayından sonra dərhal alternativ tədrisə keçildi. “Teledərs”, “Virtual Məktəb”, “Microsoft Teams” proqramı vasitəsilə onlayn dərslər və s. bunun bariz nümunəsidir. Yəni, təhsil alanların keyfiyyətli təhsil alması üçün bütün imkanlar yaradıldı. Buna baxmayaraq, keyfiyyətli tədrisi təşkil etmək çətin bir prosesdir. Çünki humanitar fənlərdən fərqli olaraq, texniki fənlər invidual yanaşma, müəllimlərlə üzbəüz iş, lobaratoriyada çalışma tələb edir. Həmin fənlərin elektron resurslar vasitəsilə onlayn qaydada deyil, ənənəvi formada keçirilməsi olduqca vacibdir”.

Ekspert bu baxımdan ənənəvi tədrisə qaytamağımız üçün vaksinasiyanın zəruri olduğunu bildirib: “Biz dünya reytinqində ilk yüzlükdə olan universitetlərə baxsaq, görərik ki, artıq onlar öz tələbələrinə vaksinasiya olunmağı tələb şəklində ortaya qoyublar. Yəni, normal tədrisin təşkili istənilirsə və nəzərdə tutulursa, mütləq şəkildə bütün tədris iştirakçıları vaksinasiya olunmalıdır. Bu gün Azərbaycanda ümumilikdə tədris prosesində 220 min təhsil işçisi, digər yardımçı və texniki işçilər çalışır. Onların 150 mini orta ümumtəhsil məktəblərində müəllimdir. Bu günə olan rəqəmlərə görə, çox böyük sayda insan vaksinasiya olunub. Yəni, peyvənd olunanlar arasında təhsil prosesində çalışanlar çoxdur. Artıq biz bilirik ki, 2021-ci ilin may ayından etibarən yaşı 18-dən yuxarı digər vətəndaşlar da vaksinasiya olunur. Bu gün 51 ali təhsil müəssisəsində 182 min tələbə təhsil alır. Onların 60 faizi vaksinasiya olunub. Bu rəqəmlər bizim normal həyata qayıtmağımıza imkan verir. İstər Azərbaycanda, istərsə də dünyada təhsilalan və təhsilverənlərin vaksinasiyası onların normal tədrisə qayıtmağına imkan yaradır. Amma insanlar 100 faiz vaksin olunsalar belə, bu o demək deyil ki, biz dayandığımız yerdən, yəni 2020-ci ilin martından tədrisə davam etməliyik”.


Kamran Əsədov onu da əlavə edib ki, pandemiya dövründə tədrisin təşkili qaydaları əvvəlki dövrdən tamamilə fərqlidir. Burada ən vacib məqam insan sıxlığının aradan qaldırılması, təmasın azaldılmasıdır: “Tədris prosesinin bərpasından sonrakı davranış çox önəmlidir. Əvvəlki təcrübəyə baxanda görürük ki, orta ümumtəhsil müəssisələrində 2020-ci ilin sentyabrından ənənəvi tədris bərpa edildi, lakin yoluxmaların kəskin artması səbəbindən oktyabrda dayandırıldı. Həmçinin, 2021-ci ilin fevralın 1-dən yenidən başlanıldı və aprelin 5-də yenə yoluxma sayına görə format dəyişdirildi. Amma ali təhsil müəssisələri ilə bağlı bizdə təcrübə var. Belə ki, 2021-ci ilin fevralın 1-dən etibarən ölkədə tibb təhsili üzrə təhsil alanlar, eləcə də mühəndislik ixtisasında oxuyanlar ənənəvi qaydada təhsilə başlayıblar. Bütün bunlar onu deməyə əsas verir ki, biz 2021-ci il sentyabrın 15-də istər orta məktəblərdə, istər ali təhsil müəssisələrində tam şəkildə pandemiya dövrünün qaydalarına riayət etməklə tədrisə başlaya bilərik. Buna bizim əvvəlki illərdəki təcrübələrimiz və vaksinasiya olanlarımızın sayının 4 milyonu keçməsi, orta ümumtəhsil müəssisələrində çalışan işçilərin böyük əksəriyyətinin peyvənd olunması imkan verir. Hesab edirəm ki, yeni tədris ilindən ənənəvi təhsil bərpa olunmalıdır. Çünki onlayn qaydada, distant formada bütün fənləri keyfiyyətli şəkildə tədris edə bilmirik. Bu gün təbiət və texniki fənlərin tədrisində şagirdlərin mənimsəmə faizi çox aşağıdır. Digər tərəfdən, ibtidai siniflərdə təhsil alanlar onlayn qaydada yazıb-oxumağı öyrənə bilmirlər. Bu vərdişlərin hər biri ənənəvi qaydada tədrisi təşkil etməyimizi zəruri edir. Əlbəttə, qaydalar çərçivəsində ara məsafəsi gözlənilməli, dezinfeksiya işləri mütəmadi aparılmalı, əvvəlki illərdə olduğu kimi, auditoriyalarda tələbələrin sayı çox olmamalı, onlar tədris prosesi zamanı bir neçə hissəyə bölünməlidirlər”.

Teqlər: