Növbəti islahat: bu qurum ləğv ediləcək – Ekspert

Növbəti islahat: bu qurum ləğv ediləcək – Ekspert

BNA ilə bağlı Fərman gözlənilən idi. Məsələ burasındadır ki, ölkədə mobillik, yol hərəkəti təhlükəsizliyi və yol-nəqiyyat infrastrukturu ilə bağlı vahid dövlət siyasəti, vahid institusional sistem, vahid prinsip və yanaşmalar, vahid nəzarət və ən başlıcası bu işlərə görə vahid cavabdehlik olmalıdır.

AzerTimes xəbər verir ki, İlham Əliyevin Nəqliyyatı Əlaqələndirmə Şurası yaradılması haqqında verdiyi Sərəncam və Bakı Nəqliyyat Agentliyinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin balansına verilməsi haqqında Fərmanı bu sözləri hüquqşünas Ərşad Hüseynov qeyd edib.

Hüquqşünas aparılan islahatlar nəticəsində müasir çağırış və tələblərə uyğun nəqliyyat sisteminin qurulmalı olduğunu qeyd edib:

“Vahid dövlət siyasəti, yəni vahid yanaşma və prinsiplər əsasında konkret istiqamətlər üzrə çevik tənzimləmə, koordinasiyalı fəaliyyət, cari işlərin icrası ərazilər və sahələr üzrə şaxələnmiş altqurumlar tərəfindən həyata keçirilməlidir. Yaxın üç ayda BNA ləğv ediləcək və onun bir qədər dəyişikliklərə məruz qalan səlahiyyətlərini bundan sonra həmin altqurumlardan biri (təbii ki, başqa ad, məsələn, AYNA-nın departamenti adı altında – Ə.H.) həyata keçirəcək.

Bundan sonra bəhs etdiyim vahidlik Vahid Elektron Xidmətlər Portalı (RİNN) tabeliyində həyata keçirilməlidir. Lakin bu, hələ son deyil, çünki Nəqliyyatı Əlaqələndirmə Şurası yaradılır. Bu Şura ölkəmizdə mobillik, yol-nəqliyyat infrastrukturu və yol hərəkəti təhlükəsizliyi sahəsində təkmilləşdirmə işləri, yəni islahatla məşğul olmalıdır. Aparılan islahatlar nəticəsində dövrümüzün çağırışlarına uyğun institusional sistem qurulmalı, hər bir subyektin konkret rolu, xüsusən yerli icra hakimiyyətlərinin və bələdiyyələrin rolu müəyyən olunmalıdır.

Ən ağrılı məsələlərdən biri – ictimai nəqliyyatın gələcək inkişaf xətti müəyyən edilməlidir. Burada dövlətin və özəl sahibkarların yeri, rolu və payı aydın olmalıdır. İctimai nəqliyyatın inkişafı üçün dayanıqlı maliyyə mənbələri müəyyən edilməlidir. İctimai nəqliyyatın dayanıqlı və səmərəli inkişafı olmadan hər hansı uğurlu və müasir mobillikdən, yol hərəkəti təhlükəsizliyindən söhbət gedə bilməz.

Görüləcək işlər çoxdur. Bütün bunlar yeni və mürəkkəb bir yolayrıcına çıxmaq kimi bir şeydir. Ümid edək ki, seçilmiş və irəliləyəcəyimiz yol ən doğru və ən uğurlu yol olacaq”.

Teqlər: