Ölkədə hazırda hər 9 şagirdə 1 kompüter düşür.
AzerTimes xəbər verir ki, bunu “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında müzakirəsi zamanı elm və təhsil naziri Emin Əmrullayev deyib.
“Əgər 2020-ci ildə ölkədə hər 36 şagirdə bir kompüter düşürdüsə, hazırda hər 9 şagirdə 1 kompüter düşür. 2026-cı ilin sonuna isə bu nisbətin hər 6 şagirdə 1 kompüter olması hədəflənir. Eyni zamanda dövlət investisiya xərcləri hesabına son illərdə məktəblərin fiberoptik yüksək sürətli şəbəkəyə qoşulması da həyata keçirilməkdədir. Əgər 2020-ci ildə fiveroptik internetə qoşulmuş müəssisələrin sayı 378 təşkil edirdisə, hazırda 1737 müəssisə fiberoptik internetə qoşulub. Hazırda təhsil sahəsində göstərilən xidmətlərin rəqəmsallaşdırılması və məlumat bazalarının təkmilləşdirilməsi istiqamətində də işlər davam etdirilir”, – nazir əlavə edib.
Əmrullayev bildirib ki, istedadlı uşaqlarla iş çərçivəsində də bölgələrdə iş aparılır:
“Ölkə daxilində istedadlı şagirdlərin aşkar olunması üçün müsabiqələr təşkil edilir. Növbəti ildə 10 ümumtəhsil müəssisəsi pilot qaydada adambaşına maliyyələşməyə keçəcək. Peşə təhsilində keyfiyyətin artırılması üzrə planların icrası davam edir. 72 peşə təhsili müəssisəsində 136 ixtisas üzrə tələbə qəbulu həyata keçirilir. Peşə təhsil müəssisələrində qəbul 60% artıb. 7000 tələbəni əhatə edən 8 peşə təhsil müəssisəsində adambaşına maliyyələşmə tətbiq edilir. Ali təhsilin əhatəliliyini və keyfiyyətinin artırılması üçün cari ildə bir sıra qərarlar qəbul edilib”.