Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 12-13 mart 2022-ci il
tarixlərində keçirilmiş buraxılış imtahanlarının nəticələri elan
olunub.
Trend Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki,
imtahanda iştirak edən 11-ci sinif şagirdləri verilmiş keçidə
(https://eservices.dim.gov.az/2022/netorta/) daxil olaraq iş
nömrəsi (8 rəqəmli şagird kodu) və şəxsiyyəti təsdiq edən sənədin
nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan
nəticələri, cavab vərəqinin qrafik təsviri, qapalı tipli
tapşırıqların doğru cavabları, həmçinin hər bir açıq tipli tapşırıq
üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru
cavabları, həlli və qiymətləndirmə şkalası) ilə tanış ola bilərlər.
İmtahan iştirakçıları iş nömrələrini buradan öyrənə bilərlər.
Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə
ümumi balı) mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel)
vasitəsilə bu imtahan üçün nəzərdə tutulan buraxılış vərəqəsində
göstərilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Yazı işlərinin (açıq tipli tapşırıqların cavabları) yoxlanılması
prosesi onlayn şəkildə həyata keçirilib. Belə ki, hər marker
yoxlama prosesinə öz evindən qoşularaq proqramın onun kompüterinə
təsadüfi göndərdiyi işləri yoxlayıb. Qeyd edək ki, onlayn (evdən)
yoxlama prosesində üztanıma texnologiyası tətbiq edilib və yoxlama
prosesinin bütün tələblərinə (meyarların təkmilləşdirilməsi,
işlərin şifrələnməsi, markerlərin hər tapşırıq üzrə yoxlamadan
əvvəl kalibrləmədə iştirak etməsi, yoxlama ərzində “seeding”
(markerlərə sayıqlığı itirməmək üçün əvvəlcədən hazırlanan və
kalibrə edilən sualların mütəmadi olaraq göndərilməsi) prosesinin
tətbiqi, işlərin markerlərə proqram tərəfindən təsadüfi
göndərilməsi, imtahan protokollarının araşdırılması və s.) əməl
olunub.
Yazı işlərinin onlayn (evdən) yoxlanılması üçün proqram təminatı
Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb.
Qeyd edək ki, buraxılış imtahanında şagirdlərə tədris dili
fənnindən 10 yazılı cavab tələb edən açıq və 20 qapalı, riyaziyyat
fənnindən 7 yazılı cavab tələb edən açıq, 5 kodlaşdırılan açıq, 13
qapalı, xarici dil fənnindən 7 yazılı cavab tələb edən açıq və 23
qapalı tipli tapşırıq olmaqla ümumilikdə 85 tapşırıq təqdim olunur.
Bu mərhələdə fənlərinin hər biri üzrə toplanıla biləcək maksimal
bal 100 olmaqla, ümumilikdə 300 baldır. Balların hesablanması
qaydası ilə linkdəki faylda (2-ci səhifə) tanış ola bilərsiniz.
Bu imtahanlarda iştirakı nəzərdə tutulan 46115 nəfərdən 626
nəfər imtahana gəlməyib. Tələb olunan imtahan qaydalarını pozduğu
üçün 16 nəfərin nəticəsi ləğv olunub.
İmtahan iştirakçıları arasında 3 nəfər – Ağcabədi rayonu
Rəncbərlər kənd orta məktəbinin, Mingəçevir şəhəri Şəhər
təbiət-riyaziyyat və humanitar elmlər təmayüllü liseyin, Bakı
şəhəri 245 saylı orta məktəbin məzunları 297.5 bal toplayıb.
İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM
tərəfindən 25 aprel tarixindən etibarən onlayn (“Zoom” proqramı və
ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək.
Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 18 aprel saat
10:00-dan 20 aprel saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək
elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən
müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün
müraciət edə bilməyəcəklər. Elektron ərizədə müraciətin məzmunu
qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət
araşdırılmır və onun üçün apellyasiya təşkil olunmur. Apellyasiya
müzakirəsində şagirdin iştirakı vacibdir. Şagird ilə yanaşı
valideynlərindən biri müzakirədə iştirak edə bilər. Bir şagirdin
ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər.
Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik
davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.
Apellyasiya komissiyasına müraciət etməmişdən əvvəl şagirdlər
DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz
nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli
tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış olmalıdırlar. Ötən
imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə
yazanların təqribən 20%-i ümumiyyətlə tapşırığa cavab verməyib və
ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını
müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər.
Abituriyentlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə
baxılmayacaq.