Norveçdə fəaliyyət göstərən “CAN” təşkilatı Ermənistan tərəfindən Oxçuçayın çirkləndirilməsinə etiraz əlaməti olaraq beynəlxalq təşkilatlara müraciət ünvanlayıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən AzerTimes-a verilən məlumata görə, müraciətdə Ermənistan və Almaniya şirkətlərinin Zəngilan rayonu ərazisindən keçən və Araz çayına tökülən Oxçuçayı zəhərli tullantılarla çirkləndirməkdə davam etməsi xəbərindən dərin üzüntü ifadə olunub. Bildirilib ki, 2021-ci ilin yanvar-mart aylarında Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən aparılan monitorinq çayda mis, molibden, manqan, dəmir, sink, xrom kimi ağır metalların miqdarının çox yüksək olduğunu aşkara çıxarıb. Buna səbəb isə Ermənistanın Zəngəzur mis-molibden kombinatının ilkin təmizləmə işləri aparmadan istehsalat tullantılarını birbaşa çaya buraxması və ekoloji standartlara riayət etməməsidir. Bu kombinatın səhmlərinin böyük hissəsinin Almaniyanın “Cronimet” şirkətinə məxsus olduğu nəzərə çatdırılıb.
Ermənistanın dövlət agentliklərinin və ekspertlərinin də Oxçuçayda ekoloji cinayətin baş verdiyini etiraf etdiklərini vurğulayan “CAN” diaspor təşkilatı beynəlxalq ictimaiyyəti və qurumları bu problemlə bağlı dərhal qətiyyətli addımlar atmağa çağırıb.