Norveç yığması Pekində keçirilən Qış Olimpiya Oyunlarında daha
bir qızıl medal qazanaraq komanda hesabında liderliyini davam
etdirir.
Trend xəbər verir ki, Olimpiadanın arxada qalan on üç yarış
gününün nəticələrinə əsasən, Norveç yığmasının hesabında 13 qızıl,
7 gümüş və 8 bürünc medal var. Onun ən yaxın izləyicisi Almaniya 10
qızıl, 6 gümüş və 4 bürünc medal əldə edib. Üçüncü yerdə 8 qızıl, 7
gümüş və 4 bürünc medalla ABŞ komandası qərarlaşıb.
Oyunların on üçüncü günü ev sahibləri üçün uğurlu olub. Hesabına
indiyədək 7 qızıl, 4 gümüş və 2 bürünc medal yazdıran ÇXR yığması
iki pillə irəliləyərək dördüncü yerə yüksəlib. İlk beşlikdə,
həmçinin Avstriya (6, 7, 4) komandası yer alır.
Yarışlarda hələlik 28 ölkə medal qazana bilib.
Xatırladaq ki, “Pekin-2022” Qış Olimpiya Oyunlarında 91 ölkədən
2800-dən çox idmançı iştirak edir. Onlar idmanın 15 növü üzrə 109
dəst medal uğrunda mübarizə aparırlar.
Olimpiada fevralın 20-də yekunlaşacaq.