AzerTimes yazıçı Varis Yolçuyevlə müsahibəni təqdim edir:
– Varis bəy, yazıçı üçün ən böyük xoşbəxtlik oxunmağıdır. Ən çox oxunan yazıçılardan olduğunuzu düşünürsünüzmü?
– “Sənət sənət üçündür” postulatı iki əsr öncə burjua-dekodent ədəbiyyatı təmsilçiləri tərəfindən irəli sürülərək, bir növ, uğursuz yazarlar üçün sığorta alətinə çevrilib. Həqiqətdə isə yazıçı üçün ən böyük xoşbəxtlik onun oxunmasıdır. Yazıçı kitabı oxucunun mənəvi toxluğu üçün ərsəyə gətirir. Oxucu sayından şikayətim əsla yoxdur. Yeni çıxan, ilk 20 günə 732 nüsxəsi satılan “Qızıl cib saatı”nın tirajı bitmək üzrədir, “Sonuncu ölən ümidlərdir”in 7-ci təkrar nəşri də satılıb qurtarıb, 8-ci çapa hazırlanır. Bu kitabın Bakı Kitab Klubu tərəfindən müstəqil Azərbaycanda rəsmən ən çox satılan kitab elan edilməsi də əlbəttə, qürurvericidir. Üzümüzə gələn ay “Son məktub” və “Əzilmiş fotoşəkillər”in hər biri böyük oxucu tələbatı nəzərə alınaraq 4-cü dəfə təkrar nəşr olunacaq. İlin sonunadək daha 3 kitabım təkrar çap olunacaq.
– Amma sizin əsərlərinizə qarşı tənqidlər də çox olur. Razılaşırsınız, yoxsa haqsız tənqidlərdir?
– Hansısa ustad yazıçı, bilikli ədəbiyyatşünas, peşəkar tənqidçi əsərlərimdə nəyəsə obyektiv irad bildirərsə, bu iradı sevə-sevə qəbul edərəm, səhvlərimi düzəltməyə çalışaram. Ədəbi tənqid prosesi həqiqətən də ədəbiyyatı irəli aparan, yazıçını püxtələşdirən bir lokomotivdir. Amma bir də var, adı hər hansı dəftərdə belə olmayan və özünü “yazar” adlandıran biri səni “əsla yaza bilmir” kimi ibarələrlə “təltif” etsin, yaxud heç ədəbiyyata dəxli olmayan birisi sosial şəbəkədə sənin “səhvlərini” göstərsin, bax burada razılaşmamaq təbii hissdir. Və sizin sualınız da yəqin ki, belələrinin sosial media hesablarındakı statuslarını nəzərdə tutur. Diletantın, qeyri-peşəkarın “bu zəifdir” deyə hökm verməsi qərəz göstəricisidir, hətta deyərdim, tərbiyəsizlikdir. Çünki etik normalara görə, onun hüququ maksimum “mən bəyənmirəm”ə çata bilər.
– Deyirlər ki, bulvar ədəbiyyatı yazırsınız, serialdır – yalnız romantika, yarımçıq qalmış sevgilər…
– Gəlin bu suala ironiya ilə yanaşaq. Ən son yazdığım 3 romana diqqət edək. “Qızıl cib saatı” – 100 illik dövr ərzində İstanbuldan başlayaraq Qarabağa qədər erməni məsələsini özündə əks etdirir, Britaniya arxivlərinə, Azərbaycan Xalq Cümhuriyyəti Fövqəladə İstintaq Komissiyasının materiallarına istinad edir, xalq yazıçımız Kamal Abdullanın ön sözü ilə çıxıb. “Azərbaycan” jurnalında bir fəsli dərc edildikdən sonra hələ azərbaycanca kitab çıxmamış onun həm bədii, həm siyasi yükünü hiss edərək türklər Türkiyədə TEDEV Yayınlarında Türkiyə türkcəsində çap ediblər. Budur bulvar ədəbiyyatı? Ondan əvvəlki “Amin” romanım 30 illik Qarabağ müharibəsi dövründə Rusiyada nəşriyyat hesabına çıxan Qarabağ müharibəsi mövzusunda ilk və yeganə Azərbaycan yazıçısının romanıdır. ABŞ-ın “East View” kompaniyası bu romanı planet üzrə yaymaq üçün yayım hüququ əldə edib. Ondan əvvəl çıxan, qürur hissi ilə deyim ki, müstəqil Azərbaycanda ilk və yeganə dövlət sifarişi ilə yazılan bədii ədəbiyyat nümunəsi olan, Heydər Əliyev Fondunun “Xocalıya Ədalət” kampaniyası çərçivəsində təbliğ olunan, Xocalı faciəsini ən təsirli boyalarla əks etdirən “Qırmızı ləçəklər” romanımdı bəlkə bulvar ədəbiyyatı?
– Onda bu kitablarınızı oxumurlar, sadaladıqlarınızı görmürlər?
– Mən doxsanıncı illərdə xalq yazıçısı İsmayıl Şıxlının “uğurlu yol”u ilə ədəbiyyata bir neçə hekayə ilə gəlsəm də, özümün ən güclü zərbələrimi yaşadığım zamanın ən zəif vaxtına saxlayaraq ədəbiyyatın kandarından içəri keçmədim, Qarabağ müharibəsi, müstəqillik quruculuğu, bir iqtisadi-siyasi formasiyadan digər formasiyaya keçid, kitab mağazalarının kütləvi qəssab və baqqal dükanlarına çevrilməsi, əlifbanın dəyişdirilməsi, bir sözlə, insanların kitablardan uzaq düşməsi reallığında mən jurnalistikaya üz tutdum, yazdıqlarımı isə yığıb saxladım, zamanla təkmilləşdirdim. Yalnız 2008-ci ildə ilk romanımla ədəbi debüt etdim. Hədəflərim tək yazıçı kimi məşhurlaşmaq deyildi, daha böyük idi: ölkədə mütaliə səviyyəsini yüksəltmək, oxucu sayını artırmaq, ədəbiyyatın kütləviliyinə dəstək olmaq. Odur ki, bu debütüm əslində bir sosial layihə idi, “kitab oxumağın zamanı yetişdi” devizi ilə icra olunurdu. Saydığım parametrlərə uyğun gələn roman təbii ki, statistik oxucunu özünə çəkə biləcək eşq romanı nümunəsi ola bilərdi, beləcə o dövr üçün (elə bu dövr üçün də) rekord tirajla – 10 min tirajla “Sonuncu ölən ümidlərdir” romanım işıq üzü gördü. Və inanılmaz bir kampaniya başladıq: kitabın 2 min nüsxəsini görüşlər, təqdimatlar keçirərək gənclərə hədiyyə etdik, metro stansiyaları, qəzet köşkləri, səyyar əl satışı ilə digər 8 min kitabın satışını təşkil etdik. İdarə və müəssisələrdə, ictimai nəqliyyatda, parklarda – hara gedirdinsə, əllərdə kitab görürdün. Mənə qarşı “ciddi ədəbiyyat yazmır” deyənlərin antimən kampaniyası da məhz bu debütümlə bağlı başlamışdı və 2008 – 2010-cu illərə təsadüf edirdi.
– İndi də bu iradlar davam edir…
– Sonrakı illərdə – artıq böyük oxucu auditoriyası qazandıqdan sonra mövzu spektrim tam dəyişdi. Ədəbiyyatda qızıl qayda var: öncə sən oxucuların ardınca get, onları əldə etdikdən sonra öz arxanca apar.
– Tez- tez xarici ölkələrin ədəbiyyat mükafatlarına layiq görüldüyünüz barədə paylaşımlar edirsiniz. Bəziləri deyir ki, onların çoxu yalandır, yaxud da əhəmiyyətsiz, pul ilə alınan mükafatlardır. Bu söhbətin həqiqət tərəfi varmı?
– Necə ola bilər ki, eyni şey həm əhəmiyyətsizdir, həm də pulla alınıb? Əhəmiyyətsiz şeyə pul verilərmi? Ümumiyyətlə, opponentlər “pulla alınan” hansısa bir mükafatın adını çəkə bilərlərmi? Ölkəmizdə ədəbiyyat sahəsində Mədəniyyət Nazirliyinin “Qızıl kəlmə” mükafatı, Mir Cəlal Paşayevin “Ədibin evi” məkanının Hekayə müsabiqəsi, “Əli və Nino”nun “Milli kitab müsabiqəsi”, xalq yazıçımız Kamal Abdullanın Yaradıcılıq Fondunun “İlin kitabı” müsabiqəsi keçirilib, hansı birində kiminsə pulla mükafat aldığını eşidən olub? Sadəcə, cəfəngiyyatdır. Beynəlxalq müstəvidə isə ümumiyyətlə pulla mükafat almaq deyilən bir anlayış yoxdur. Bütün nüfuzlu mükafatlar istedadlıları stimullaşdırmaq, onlardan nəsə almaq yox, onlara nəsə vermək üçündür. İndi də “yalan” tərəfinə gələk. Bu lap əyləndiricidir. Yalandan necə demək olar ki, tutalım, mən Amerikanın Milli Kitab Mükafatını qazanmışam? Bəs deməzlər, göstər? Bunlar ölkənin bir-iki saytında mənim əleyhimə yazmaqdan usanmır, hətta televiziyanın canlı efirindən belə utanmadan oxuculara səslənirdilər ki, onu oxumayın, bizi oxuyun. Sadəcə, rəzalətdir.
– Sizin yaradıcılığınızdan tənqidlər edəndə, adətən, adınız “Elxan Elatlı, Çingiz Abdullayev, Rövşən Abdullaoğlu” ilə yanaşı çəkilir, deyirlər ki, bunlar kimi yazmağa nə var! Bu müəlliflərlə yaradıcı yaxınlığınız varmı?
– Siz üç yazıçının və mənim adımı qoşa çəkdiniz, bizləri yalnız bir şey birləşdirir: biz Azərbaycanda ən çox kitabları satılan və təbii ki, ən çox oxucuları olan müəlliflərik. Amma yaradıcı yaxınlığın olmamasını hətta kiçik yaşlı oxucu belə duya bilər. Çünki Çingiz Abdullayev və Elxan Elatlı detektiv, Rövşən Abdullaoğlu psixoloji-didaktik əsərlər, mənsə dram, triller yazıram. “Bunlar kimi yazmağa nə var” isə, inanın ki, pişik və ət məsələsidir. Əgər ədəbiyyatın gətirdiyi bütün dividendləri – bol oxucunu, ümumxalq sevgisini, maddi gəliri, yerli və beynəlxalq nüfuzu, mükafatları, dövlət və ictimaiyyət dəstəyini bu ədiblər, bunların yazdıqları ədəbiyyat qazanırsa və səninsə adın heç bir “dəftərdə” yoxdursa, amma onlar kimi yazmağın da asan olduğumu zənn edirsənsə, bəs onda niyə yazmırsan? Və ümumən, sənin kriteriyaların nədir, sən nədən və niyə yazırsan axı? Bizdə bəzi yazıçıların zərərli fikirləri var, böyük oxucu ordusu olan yerli yazarları tənqid edərkən, deyirlər, yaxşı əsərin oxucusu çox ola bilməz. Əcəba, bəs onda günü bu gün Markesin, Dostoyevskinin və digər böyük yazıçıların niyə milyonlarla tirajı var?
– Necə düşünürsünüz, ciddi ədəbiyyat nədir, özünüz özünüzü bu ədəbiyyatda hesab edirsinizmi?
– Ciddi və qeyri-ciddi ədəbiyyat bölgüsü tam nisbi, sərhədləri dəqiq olmayan, şərti bir bölgüdür. Adətən, ciddi ədəbiyyat anlayışı özündə düşündürə bilən ədəbiyyat mənasını ehtiva edir. Yəni ciddi ədəbiyyat düşündürür, qeyri-ciddi ədəbiyyat əyləndirir. Mən elə bu yerdə ədəbiyyatda hökm sürən bax bu tezisə istinad edərək nəsr janrlarının ciddi və ya qeyri-ciddi ədəbiyyat kvalifikasiyasına bölünməsi prinsipinə qarşı öz antitezisimi irəli sürürəm. Məncə, yazıçı istənilən janrda ciddi ədəbiyyat yarada bilər. Eşq romanı yəni düşündürə bilməz ki!..
– Siz Nobel ala bilərsiniz?
– Mən maksimalistəm, qarşıma ən böyük məqsədlər qoyan və bunlara doğru durmadan irəliləyən şəxsəm. Yazıçıyamsa, yazıçılıqda ən ali fərqlənmə dərəcəsi Ədəbiyyat üzrə Nobel mükafatıdırsa, niyə də bu mükafatı qazanmaq istəməyim? Amma sirr deyil ki, Nobel mükafatı bədii yaradıcılıqdan başqa, daha çox digər kriteriyalara – sərgilənən siyasi və ictimai mövqeyə, təmsil etdiyin xalqın və dövlətin dünyanın aparıcı fikir və hərəkət tendensiyaları müstəvisində hazırkı yerinə görə verilir və sırf subyektiv seçimə əsaslanır. Ona görə də bu suala birmənalı cavab vermək mümkün deyil. Bu gün mənim qatarım təyinat nöqtəsindən uzaqdırsa, sabah yaxınlaşması labüd ola bilər.
– Oxucularınız daha çox qadınlardır. Səbəbi nədə görürsünüz? Əsərlərinizin nakam sevgilərdən olduğuna görə ola bilər?
– Ümumən ölkəmizdə kitab oxucusu sırasında qadın kişidən daha çoxdur, bunu həm yazıçılarla keçirilən görüşlər, həm kitab sərgiləri, həm kitab mağazalarındakı alıcı kontingenti sübut edir. Bu ümumiliyə söykənsəniz, irəli sürdüyünüz fikirə haqq qazandırmaq olar. Amma əsərlərin nakam sevgidən, yəni daha çox qadınlar üçün maraqlı olan mövzulardan bəhs etməsi burda əsas ola bilməz. Mənim müharibə mövzulu romanlarım, intellektual proza nümunələrim hara getsin onda?