Nizami rayonu Tofiq Abbasov küçəsi son mərhələ üzrə əsaslı təmir edilir (FOTO/VİDEO)

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2022-ci
ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Bakı şəhəri, Nizami
rayonu Tofiq Abbasov küçəsi son mərhələ üzrə əsaslı təmir
edilir.

Agentlikdən Trend-ə bildirilib ki, təmir işləri küçənin
Azər Manafov və Əli Vəliyev küçələri arasında yerləşən 640 metrlik
hissəsində aparılır. Sözügedən küçənin təmir olunan hissəsinin eni
ortalama 9 metr təşkil edir.

Aparılan təmir işləri çərçivəsində küçə boyu deformasiyaya
uğramış asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara
daşınıb.

Hazırda küçəyə “İnşaat Norma və Qaydaları”na uyğun olaraq yeni
asfalt-beton örtüyünün döşənməsi, mövcud piyada səkilərinin bərpası
və yeni səki daşlarının düzülməsi işləri icra olunur. Sadalanan
təmir işləri 8 min kv.m-ə yaxın sahəni əhatə edib.

Əsaslı təmir işləri çərçivəsində Tofiq Abbasov küçəsinin Əli
Vəliyev küçəsi ilə kəsişməsində hərəkətin rahat və təhlükəsizliyini
təmin etmək məqsədi ilə hərəkət axınının istiqamətləndirilməsi üçün
işlərin aparılması nəzərdə tutulur.

Bundan başqa sonuncu mərhələdə küçə üfüqi nişanlanma xətləri,
piyada zolaqları, həmçinin xüsusi parking yerləri ilə təmin
olunaraq müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.

Qeyd edək ki, cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq,
rayon üzrə təmirə ehtiyacı olan və ümumi uzunluğu 6.25 km təşkil
edən 9 küçə təmir edilir.

Agentlik tərəfindən 2021-ci ildə Nizami rayonu ərazisində ümumi
uzunluğu 5.5 km təşkil edən 7 küçə təmir edilib.

Teqlər: