Nizami Kino Mərkəzində “Köhnə çamadanlar” filminin təqdimatı olub (FOTO)

Nizami Kino Mərkəzində Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi və Nazirliyin DOST İnklüziv İnkişaf və Yaradıcılıq
Mərkəzi, “RS Production”un birgə layihəsi, “OYUN” inklüziv teatr
MMC-nin istehsalı olan “Köhnə çamadanlar” bədii filminin təqdimatı
olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AzerTimes-a
bildirilib ki, yeni inklüziv kino nümünəsi olan filmin baş
sponsorları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və “RS
Production”, digər sponsorları Bakı Beynəlxalq Dəniz Ticarət Limanı
QSC və “AK Company”dir.

Təqdimat tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin rəhbər şəxsləri, digər hökumət və qeyir-hökumət
təşkilatlarının nümayəndələri, millət vəkilləri, incəsənət
xadimləri, müharibə iştirakçıları iştirak edib.

Tədbirdə qeyd edilib ki, Prezident İlham Əliyevin əlilliyi olan
şəxslərə xüsusi qayğısı nəticəsində həmin şəxslərin sosial
müdafiəsi və cəmiyyətə inteqrasiyası sahəsində mühüm tədbirlər
görülür. Eyni zamanda, bu kateqoriyada aid şəxslərin yaradıcılıq
imkanlarının dəstəklənməsi üçün çoxsaylı inklüziv layihələr icra
olunur.

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə
yaradılan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi də bu sahədə
fəal dövlət siyasətinin təzahürüdür. Cənubi Qafqazda geniş
fəaliyyət sahələrinə malik ilk ən böyük inklüziv yaradıcılıq və
inkişaf məkanı olan Mərkəz əlilliyi olan insanların istedad və
inteqrasiyasına dəstək yönümlü çoxşaxəli fəaliyyəti ilə
seçilir.

Mərkəzin də qoşulduğu layihə çərçivəsində ərsəyə gələn “Köhnə
çamadanlar” filmi də yeni inkluziv yaradıcılıq nümunəsidir. 90
nəfərə yaxın heyəti olan filmdə 20-dən çox əlilliyi olan şəxs
(müharibə əlilləri və digər əlilliyi olan istedadlı şəxslər) də
iştirak edib.

Sujet xətti Birinci Qarabağ müharibəsindəki hadisələrlə
əlaqələndirilən film 44 günlük Vətən müharibəsində möhtəşəm
Zəfərimizi əks etdirən nikbin, qürurverici sonluqla yekunlaşır. Elə
44 günlük Vətən müharibəsinin bəzi iştirakçıları da filmdə iştirak
edirlər.

Filmin ssenari müəllifi Sevda Sultanova, quruluşçu rejissoru
Səidə Haqverdiyeva, görüntü rejissoru Şahmar Səfəroğlu, quruluşçu
rəssamı Əfşan Əsədova, baş prodüseri Pərvinə İsmayılovadır.

Filmdə xalq artistləri Məmmədsəfa Qəhrəmanov, Qabil Quliyev,
Pərvanə Qurbanova, əməkdar artistlər Gülzar Qurbanova, Şəfəq
Əliyeva, Zemfira Əbdülsəmədova və b. çəkilib.

Teqlər: