Nizami Gəncəvinin 880 illiyi ilə bağlı beynəlxalq esse müsabiqəsinin qalibləri açıqlanıb

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun Avrasiya Regional Mərkəzinin (ARM) təşəbbüsü ilə böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş “Nizami – bəşəriyyətin şairi” adlı beynəlxalq esse müsabiqəsinin nəticələri elan edilib. Müsabiqənin şərtlərinə uyğun olaraq, İslam Əməkdaşlıq Təşkilatına üzv olan 10-a yaxın ölkədən 150-yə yaxın gənc iştirakçı ingilis dilində Nizami Gəncəvinin poetik və fəlsəfi yaradıcılığından bəhs edən esselər yazıb ekspert komissiyasına təqdim ediblər.

Ekspert komissiyasının müvafiq dəyərləndirmələrinə əsasən, 1-ci yeri Otabey Nərimanov (Özbəkistan), 2-ci yeri Gülçöhrə Səidova (Özbəkistan), 3-cü Rizqi Citra Anuqerah (İndoneziya) yeri tutub, Pakistandan olan 2 nəfər gənc isə həvəsləndirici mükafatlara layiq görülüblər. Həm finalçılar, həm də həvəsləndirici mükafat əldə edənlərə pul mükafatları veriləcək.

Qeyd etmək lazımdır ki, İƏT Gənclər Forumu ARM-nin təşkilatçılığı və tərəfdaşlığı ilə dünyanın bir sıra başqa ölkələrində də Nizami Gəncəvinin 880 illik yubileyi ilə bağlı bir sıra ölkələrdə (Rusiya, Qazaxstan, Özbəkistan, Pakistan, İndoneziya və s.) beynəlxalq tədbirlər həyata keçirilib. Bu tipli tədbirləri keçirməkdə əsas məqsəd millətlər arasında mədəni əlaqələrin qurulmasına, gənclərin bir-birilərinin mədəniyyətini daha yaxından tanımasına, eləcə də Nizam irsinin İslam coğrafiyasında təbliğinə töhfə verməkdir.

Teqlər: