Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə veb-konfrans təşkil ediləcək

Azərbaycan Respublikası Prezidentinin 05.01.2021-ci il tarixli Sərəncamı ilə dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyinin tamam olması münasibətilə Azərbaycanda “Nizami Gəncəvi İli” elan olunmuşdur. Bununla bağlı olaraq Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) dünya şöhrətli ədib və mütəfəkkirin möhtəşəm ədəbi-poetik xəzinəsinin, zəngin mədəni və fəlsəfi irsinin tədqiqi və təbliğinə töhfə vermək, eləcə də Azərbaycan mədəniyyətinin beynəlxalq auditoriyaya geniş təbliği məqsədilə Beynəlxalq Türk Akademiyası ilə birlikdə 9 Mart tarixində müştərək veb-konfrans təşkil edir.

NGBM-dən AzerTimes-a bildirilib ki, “Nizami Gəncəvi 880 – dünya mədəniyyətinə verdiyi töhfələr” mövzusuna həsr olunan toplantıda ISESCO-nun sabiq Baş Direktoru Abdulaziz Altvaijri, İslam Əməkdaşlıq Təşkilatının sabiq Baş Katibi Ekmeleddin İhsanoğlu, Beynəlxalq Türk Akademiyasının Prezidenti Darhan Kıdıralı, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş Katibi Rövşən Muradov və Nazarbayev Universitetinin Qazax dilləri və Türk araşdırma mərkəzinin sədri Uli Şamiloğlu dahi mütəfəkkirin önəmli tarixi rolu, onun mədəni irsi və bir sıra digər mövzularda çıxış edəcəklər.

O cümlədən, NGMB-nin Həmsədri İsmail Serageldin, Mavritaniyanın sabiq Prezidenti Əminə Qurib-Fakim, Qırğızıstanın sabiq Baş Naziri Comart Otorbayev, Ekvadorun sabiq Prezidenti Rosalia Arteaqo və Azərbaycan Respublikası Milli Məclisinin üzvü Qənirə Paşayevanın iştirakı ilə “Nizami və 2021-ci ilin Dünyası” mözvusu müzakirə ediləcək.

Mərkəz həmçinin, Moldova, Ukrayna, Latviya, Bosnia vəHerseqovina, ABŞ da daxil olmaqla bir sıra xarici ölkələrdə Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyinə həsr olunmuş toplantılar keçirməyi planlaşdırır.

Teqlər: