Xəbər - Çingiz Səfərli – Trend:
Nizami Gəncəvi Azərbaycan xalqının yetişdirdiyi və dünyaya bəxş etdiyi ən böyük şairlərdən biridir.
AzerTimes-ın məlumatına görə, bunu “Nizami Gəncəvi: Mədəniyyətlər arasında körpü” mövzusunda Nizami Gəncəvi Beynəlxalq Forumunda çıxışı zamanı Baş nazirin müavini Əli Əhmədov deyib.
Ə.Əhmədov bildirib ki, Nizami Gəncəvinin həyatı, yaradıcılığı bilavasitə Azərbaycanla bağlıdır. Şair ömrüboyu Gəncədə yaşayıb, yaradıb:
“Nizami Gəncəvi yaradıcılığı nə qədər Azərbaycana aiddirsə, bir o qədər də ümumbəşəridir.
Hesab edirəm ki, onun əsərlərində ədalətli cəmiyyət problemi ümumbəşəri bir məsələdir. Bu onu göstərir ki, o şair olmaqla yanaşı həm də böyük mütəfəkkir, filosof olub.
O, xalqlar arasında səfir idi. Onu həm müasirləri, həm də bütün dünyanın poeziya sevərləri yad edirlər.
Nizami Gəncəvinin əsərlərinin mahiyyəti bu gün də qüvvəddədir.
Hər bir azərbaycanlının qəlbində Nizami Gəncəvi sevgisi var.
Ümid edirəm ki, bu forum Azərbaycanda və ölkədən kənarda Nizami Gəncəvi yaradıcılığına maraq və diqqəti artıracaq”, – Ə.Əhmədov deyib.
Qeyd edək ki, bu gün Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə dahi Azərbaycan mütəfəkkiri və şairi Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr edilmiş “Nizami Gəncəvi İli” çərçivəsində “Nizami Gəncəvi: Mədəniyyətlər arasında körpü” mövzusunda Nizami Gəncəvi Beynəlxalq Forumu işə başlayıb.
Noyabrn 26-na qədər davam edəcək Nizami Gəncəvi Beynəlxalq Forumunda dahi mütəfəkkirin zəngin ədəbi irsini araşdıran 15 xarici ölkədən 40-dan çox nüfuzlu beynəlxalq alim, tədqiqatçı və elm adamları, ekspertlərin, eləcə də dövlət rəsmiləri, ali təhsil müəssisələrinin rəhbərləri, beynəlxalq təşkilatlar və diplomatik korpusun nümayəndələri iştirak edir.