2021-ci ilin 22 oktyabr tarixində Bakı Dövlət Universiteti (BDU) və Mingəçevir Dövlət Universiteti (MDU) arasında əməkdaşlıq çərçivəsində cari tədris ili üzrə qəbul edilmiş birgə fəaliyyət planına əsasən hər iki ali təhsil müəssisəsinin Tələbə Gənclər Təşkilatlarının (TGT) təşkilatçılığı ilə “Nizami Gəncəvi ili”nə həsr olunan “Nizami irsi – insanlığın mənəvi sərvət axtarışının zirvəsində” mövzusunda dəyirmi masa keçirilib.
“Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən dəyirmi masada BDU-nun Filologiya, Şərqşünaslıq fakültələrinin və MDU-nun Pedaqoji, Mühəndislik, İqtisadiyyat və idarəetmə fakültələrinin müəllim və tələbələri iştirak ediblər.
Dəyirmi masaya moderatorluq edən BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov ölkə Prezidenti tərəfindən 2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilməsini azərbaycançılığa, onun tarixinə və mədəniyyətinə olan ehtiramın təzahürü olduğunu qeyd edib. Bildirib ki, milli-mənəvi dəyərlərə hörmət Ulu öndər Heydər Əliyevin apardığı siyasətin mühüm tərkib hissələrindən idi. Məhz Ümummilli lider hakimiyyətdə olduğu dövrdə Azərbaycan mədəniyyətinə, milli-mənəvi dəyərlərə hər zaman xüsusi diqqət yetirilib və bu siyasətin məntiqi davamıdır ki, bu gün ölkə üzrə mütəfəkkir şairimizin irsini təbliğ edən silsilə tədbirlər keçirilir. R.Səmədov dahi şairin xatirəsinə həsr olunmuş birgə dəyirmi masanı Nizaminin zəngin irsinin araşdırılmasına və gənclər arasında təbliğinə töhfə kimi dəyərləndirib.
Sonra dəyirmi masanın proqramına uyğun olaraq məruzələr dinlənilib.
BDU-dan Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının professoru Mətanət Abdullayeva, Şərqşünaslıq fakültəsinin dekan müavini Şahin Yusifli və Filologiya fakültəsinin tələbəsi, Tələbə Gənclər Təşkilatının sədr müavini Ələkbər Həsənov, MDU-dan Humanitar fənlər kafedrasının müdiri Esmira Cəfərova, müəllimlərdən Ayna Babazadə, Səadət Ağakişiyeva və Pedaqoji fakültənin tələbəsi Xədicə Cəfərli məruzələrlə çıxış ediblər.
Məruzələrdə böyük Azərbaycan şairi Nizami Gəncəvinin həyat və yaradıcılığından danışılıb, onun əsərlərində yüksək ustalıqla tərənnüm edilən sosial ədalət və ideal cəmiyyət prinsiplərindən, hökmdar və xalq problemlərindən, ilahi və insani məhəbbətdən, mənəvi-əxlaqi və tərbiyəvi fikirlərdən, etnik və dini müxtəlifliklərə hörmətdən, tolerantlıq və multikulturalizm ideyalarından bəhs edilib. Çıxışlarda həmçinin Nizami irsinin tədqiqi və təşviqi istiqamətində beynəlxalq müstəvidə həyata keçirlən layihələrdən söz açılıb, böyük şairin 880 illiyinin həm ölkəmizdə, həm də ölkə xaricində təntənəli şəkildə qeyd olunduğu vurğulanıb.
Dəyirmi masa maraqla qarşılanan məruzələr ətrafında fikir mübadiləsi və tələbələrin suallarının cavablandırılması ilə başa çatıb.
Qeyd edək ki, MDU-da ali təhsil xidmətlərinin keyfiyyətinin yüksəldilməsi və akademik potensialın gücləndirilməsi məqsədilə ölkəmizin qabaqcıl və ən qocaman ali təhsil müəssisəsi olan BDU ilə əməkdaşlığa xüsusi önəm verilir. Sözügedən əməkdaşlığın intensivliyinin və nəticəyönümlüyünün daha da artırılması məqsədilə hər iki universitet tərəfindən çoxşaxəli birgə fəaliyyət planı həyata keçirilir. Tələbə və magistrantların, akademik və inzibati heyət üzvlərinin hərtərəfli inkişafına töhfə verməyi hədəfləyən bu fəaliyyət planı ustad dərsləri, konfranslar, dəyirmi masalar, elmi seminarlar, təlimlər, təcrübə mübadiləsi və müxtəlif məzmunlu tələbəyönümlü tədbirləri özündə ehtiva edir.