Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Prezident İlham Əliyevə müraciət edib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Prezident İlham
Əliyevə müraciət edib.

Trend bu barədə
Mərkəzə istinadən bildirir.

“Biz sizin Rusiya və Ukrayna nümayəndələrini sülh danışıqlarının
keçirilməsi üçün qəbul etmək təklifinizi qiymətləndiririk. Bakı bu
cür müzakirələr üçün neytral məkandır və artıq hərbi insidentlərin
qarşısının alınması üçün Rusiya və NATO nümayəndələrinin görüşünü
qəbul edib. Biz ümid edirik ki, tərəflər bu təklifi qəbul edəcək və
Bakı Avropanın İkinci Dünya müharibəsindən bəri üzləşdiyi ən böyük
təhlükəsizlik böhranının tənzimlənməsində mühüm rol oynayacaq”, –
məktubda deyilir.

Həmçinin, qeyd olunur ki, bu ağır humanitar böhranı dayandırmaq
üçün bütün mümkün kanallardan istifadə etmək lazımdır.

“Biz artıq bunun dünyaya potensial faciəvi təsirini görürük,
belə ki, İkinci Dünya müharibəsindən sonra ən böyük qaçqın böhranı
yaranır, eləcə də qlobal ərzaq təhlükəsizliyinə, qlobal enerji
təchizatının stabilliyinə təhdidlər artır. Biz Ukrayna daxilində
həyata çox ciddi təsirlər, mülki əhali arasında həlak olanlar və
yaralananları, məcburi köçkünlərin artan sayını və aparıcı
infrastrukturun, evlər və tibb müəssisələrinin dağılmasını görürük.
Döyüşlər və artilleya zərbələri atom elektrik stansiyalarının
yaxınlığında gedir ki, bu da böyük narahatlıq doğurur”, – məktubda
vurğulanır.

Bildirilir ki, münaqişənin fəsadları ümumilikdə bütün dünya və
xüsusilə, hər iki tərəfdən zərərçəkənlər üçün çox ciddidir.

“Biz Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri olaraq Rusiya
ilə Ukrayna arasında nəticəyə yönəlmiş təcili dialoqa, hərbi
əməliyyatların da dayandırılmasına çağırırıq. Vaxt əhəmiyyət kəsb
edir. Həddən çox həyat itirilir. Həddən çox uşaq, qadın və digər
günahsız insanlar evlərini tərk edir. Bu dəhşətli vəziyyət davam
edə bilməz”, – məktubda deyilir.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: