Bu, təkcə yol təsərrüfatı ilə bağlı məsələ deyil. Çünki burada su-kanalizasiya sisteminin düzgün qurulmaması, şəhərsalma mövzusu, infrastruktura laqeyd yanaşma, yeyintilər və s. kimi kompleks məsələlərdən danışmaq lazım gəlir.
Bu sözləri AzerTimes-a nəqliyyat üzrə ekspert Elməddin Muradlı yağış sularından sonra paytaxtın iflic vəziyyətə düşməsinin səbəbləri haqqında danışarkən deyib.
Onun sözlərinə görə, Bakı şəhərində belə mənzərənin yaranmasında ilk növbədə icra hakimiyyətləri günahkardır:
“Maklerlər Qaradağ, Sabunçu, Suraxanı, Səbail, Binəqədi kimi rayonlarda şəhərsalma qaydalarını bir kənara qoyub, icra hakimiyyətləri ilə əlbir olaraq, tikinti işləri aparıblar. Onların rüşvət, korrupsiya yolu ilə tikdikləri sistem indi çökməyə başlayıb. Dəllala layihə, tikinti qaydaları lazım deyil, pul lazımdır ki, ondan icra hakimiyyətinə, digərlərinə rüşvət verib işini görsün. Ona görə də dəllal yol, kanalizasiya qurmaq haqqında fikirləşmir. Beş yüz nəfərin yaşaya biləcəyi məhəlləyə min beş yüz nəfəri yerləşdirəndə axırı belə olur. Bir çox məsələlərdə də Bakı Şəhər İcra Hakimiyyəti günahkardır. Çünki məsələlərə doğru-düzgün nəzarət edə bilmir. Hacıbala Abutalıbovun dövründə çox təəssüflər olsun ki, bir çox yollar təmir olundu, kaş heç olunmayaydı. Bu gün də onun bəlasını çəkirik. Demək olar ki, onun dövründə təmir olunan bütün yollar bərbad vəziyyətdədir və çökmək üzrədir. Niyə? Çünki adam bütün yağış barmaqlıqlarını söküb atırdı. Heç yanda yağış barmaqlıqları yoxdur. Mikayıl Müşfiq küçəsində bunu daha qabarıq görmək olar. Hacıbala Abutalıbov fikirləşib ki, Mikayıl Müşfiq küçəsi maili küçədir və onsuz da su axıb gedəcək. Bu adam özündən proqnoz verib ki, küçə üzü aşağıdırsa, su da axıb gedər. Bu, qeyri-peşəkar yanaşmadır”.
Ekspert bildirib ki, dövlət qurumlarının öz işinə düzgün münasibət göstərməməsi bir sıra problemlərə yol açıb:
“O vaxt Nazirlər Kabineti yanında Yol Hərəkəti Təhlükəsizliyinə dair Dövlət Komissiyası fəaliyyət göstərirdi, indi qurumun adı dəyişdirilib, Nəqliyyatın Əlaqələndirməsi Şurası olub. Bax, həmin o qurum çəkilən yolların istismara yararlılığını müayinə edib, təhvil alırdı. Hamısına müsbət rəy verib. Axı yararlı olmadığı halda necə müsbət rəy vermək olar?”
Ekspert gələcəkdə belə halın təkrar yaşanmaması üçün bir sıra tədbirlərin görülməli olduğunu diqqətə çatdırıb:
“Dövlət tərəfindən bu işə xüsusi yanaşma nümayiş etdirilməlidir. Yol və kanalizasiya sisteminin idarə olunması ilə bağlı vahid bir standart olmalıdır. Buna uyğun işlər görülməlidir. Bu sistemi pozanlar və əks gedənlər birmənalı şəkildə cəzalanmalıdır. Su-kanalizasiya sisteminin üzərində ev, obyekt, villa tikməyin qarşısı alınmalıdır. İki il bundan öncə də belə bir problem yaşanmışdı və prezidentin göstərişi ilə NK-nın üzvlərindən ibarət hökumət komissiyası yaradıldı. Amma bu iki il ərzində onlar nə işlə məşğul oldular, bilinmir. Odur ki, çox ciddi nəzarət tədbirləri olmalıdır. Səhvə yol verənlər də ağır şəkildə cəzalanmalıdır. Bu şəhər bizimdir. Bunu qorumaq da hər kəsin borcudur”.