Niyə Misir Mirzoyanı dəfət edir, Bayramovu yox?

Niyə Misir Mirzoyanı dəfət edir, Bayramovu yox?

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Misirin paytaxtı Qahirədə Ərəb Dövlətləri Liqası Şurasının nazirlər səviyyəsində keçirilən iclasında iştirak edib. Ararat Mirzoyan ərəb dövlətlərinin nazirləri qarşısında Azərbaycan əleyhinə çıxış edib, Ermənistanın müsəlman aləmi ilə sıx əlaqələrindən danışıb. Ərəb nazirlərdən biri ona sual verməyib ki, Ermənistan İslam dininə bu qədər hörmət edirsə, Qarabağdakı məscidləri niyə dağıdıb?

AzerTimes xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, başqa suallar da aktualdır:

“Ərəb Dövlətləri Liqasının xarici işlər nazirlərinin toplantısına xristian Ermənistan dəvət olunduğu halda müsəlman Azərbaycan niyə dəvət olunmayıb? Axı ərəb dövlətləri arasında Azərbaycanı dost və tərəfdaş adlandıranlar az deyil. Misal üçün Ərəb Dövlətləri Liqasının 31-ci zirvə toplantısı 2022-ci ilin noyabrın 1-də Əlcəzairdə keçirilmişdi. Azərbaycan Prezidenti İlham Əliyev zirvə toplantısına ev sahibliyi edən Əlcəzair Prezidenti Əbdülməcid Təbbunun dəvəti ilə tədbirin açılış mərasimində fəxri qonaq statusunda iştirak etmişdi. İlham Əliyev zirvə toplantısındakı çıxışında Ermənistanın içğalçı siyasəti barədə məlumat vermişdi.

Misir ev yiyəsi kimi Ararat Mirzoyanı toplantıya dəvət etdiyi halda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu niyə dəvət etməyib? Axı Misirin Prezidenti Əbdülfəttah Sisi yanvar ayının sonunda Azərbaycana səfər etmişdi. Doğrudur, Ceyhun Bayramov fevralın 12-də Qahirəyə işgüzar səfər edib və orada Qoşulmama Hərəkatının sədri qismində Ərəb Dövlətləri Liqasının “Qüds şəhəri və onun əhalisinə dəstək” mövzusunda beynəlxalq konfransda iştirak edib. Ancaq Ərəb Dövlətləri Liqasının xarici işlər nazirlərinin toplantısında iştirak da vacibdir.

Azərbaycanla Ermənistan arasında informasiya savaşı da gedir. Ermənistan harda mümkündür Azərbaycan əleyhinə təbliğat aparır, dezinformasiyalar yayır. Diplomatiyamız fəallığı artırmalı, qonşu ölkənin manevr imkanlarını məhdudlaşdırmalıdır”.

Teqlər: