Niyə indi danışırıq? Çünki Talıbovun “dişi çəkilib”…

Niyə indi danışırıq? Çünki Talıbovun “dişi çəkilib”…

Naxçıvanın problemlərindən əvvəllər susub, indi danışanları riyakarlıqda ittiham edənlərin özləri riyakardır.

AzerTimes xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında millət vəkili Qüdrət Həsənquliyev bildirib.

O qeyd edib ki, bu şəxslər Naxçıvandakı mövcud rejimi açıq şəkildə müdafiə edə bilmədikləri üçün tənqid edən adamları aşağılamağa çalışırlar:

“Onların cəsarəti çatmır ki, Naxçıvandakı despotik rejimi aşkar formada müdafiə etsin. Bu yolla despotik rejimin tənqidçilərini aşağılayır, digər insanları həmin rejimi tənqid etməkdən çəkindirmək istəyirlər.

Əvvəla, içi mən qarışıq, çoxlu insan Naxçıvanın real durumunu, orda baş verənləri zaman-zaman ölkə rəhbərliyinin diqqətinə müxtəlif formada çatdırmağa çalışıb. İkincisi, o zaman çoxları bu barədə danışmırdı, ona görə ki, onların açıq mövqeyinin nəyisə dəyişəcəyinə inanmırdılar. Əksinə, fikirləşirdilər ki, cəmiyyətimiz siyasi baxımdan yetkin deyil, vətəndaşlarımızın bir-birinə qarşılıqlı güvəni yoxdur. Bu baxımdan həmvətənlərinin, hüquq-mühafizə orqanlarının onları ailə üzvlərini yerli despotun təqiblərindən qoruya biləcəyinə inanmırdılar. Bakıdan azmı adam həbs olunaraq Naxçıvana aparılmışdı? Başa düşürdülər ki, açıq tənqidlə ailələrini böyük mərhumiyyətlərlə üz-üzə qoya bilərlər. İndi isə görürlər ki, despotun “dişi çəkilib”, həm də bıçaq artıq sümüyə dirənib. Bundan sonra da susmaq ölkəmizin gələcəyini çox qaranlıq edir. Həmin riyakarların məntiqi ilə xalqımız “riyakar” deyildisə, gərək 1990-cı illərdə küçələrə axışmayaydı, çünki 60-70-ci illərdə Sovet İttifaqına qarşı açıq formada çıxmamışdılar. Halbuki xalq hərəkatının fəallarının əksəriyyəti Kommunist Partiyasının üzvləri idi. Bu cür siyasi dələduzlara əhəmiyyət vermək lazım deyil”.

Teqlər: