Niyə ayrılan vəsaitin 40%-i bərabər bölünməlidir?

Niyə ayrılan vəsaitin 40%-i bərabər bölünməlidir?

“Siyasi partiyalar haqqında” qanun iki dəfə ictimai dinləmədə müzakirə edilib, kifayət qədər təkliflər irəli sürülüb. Bir sıra təkliflər nəzərə alınıb və layihədə var. Ancaq bəzi məsələlər qaldırmışdım və onlar nəzərə alınmayıb.

AzerTimes xəbər verir ki, bunu Milli Məclisdə “Siyasi partiyalar haqqında” qanunun birinci oxunuşda müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib.

O, bəzi təkliflərini yenidən irəli sürüb:

“Məsələn, 30.1 maddə olduğu kimi saxlanılıb. Halbuki bu, partiyaların üzərinə konkret öhdəliklər qoyur. Məsələ qaldırmışdım ki, dövlət qulluğunda olanlar siyasi partiya üzvü ola bilməz, amma burada dövlət qulluğunun xüsusi qulluqçuları nəzərə alınır. Hesab edirəm ki, dövlət qulluğunda olanlar siyasi partiya üzvü olmamalıdır.

Bundan başqa, 13 və 14-ci madələr qanun layihəsindən çıxarılmalıdır. Çünki burada faktiki partiyanın necə idarə edilməsinə göstəriş verilir. Elə partiya var ki, həmsədrlik institutu ola bilər. Məncə, xırdalıqlara getmək düzgün deyil. Eləcə də yerli təşkilatlar məsələsi olduqca vacibdir. Ölkə miqyasında partiya yaranırsa, heç olmasa, 50 rayonda təşkilatı olmalıdır. Həm də partiyanın mərkəzi qərargahının paytaxtda olması vacib məsələdir”.

Qüdrət Həsənquliyev partiya üzvlərinin mobil telefonlarının daxil edilməsi məsələsinə də etiraz edib, bildirib ki, bu, hər bir şəxsin şəxsi işi kimi götürülməlidir:

“Partiyaların maliyyələşməsi məsələsinə də diqqət çəkmək istərdim. Xüsusilə, 25.2.2 maddədə ayrılan maliyyənin 40 faizinin siyasi partiyalar arasında bərabər bölünməsi təklif edilir. Niyə 40? Mən təklif edirəm ki, 60 faizi bölünsün, 30 faizi də kimin daha çox deputat yeri varsa, onların arasında bölünsün”.

Teqlər: