Məntəqə tipli cəzacəkmə müəssiəsi şərti deyil. Orda saxlanılırlar. Sadəcə, şəraiti nisbətən yüngüldür.
Bu sözləri AzerTimes-a tanınmış vəkil Əkrəm Həsənov “Nikosayağı” ləqəbi ilə tanınan bloger Nicat Şakirliyə oxunan hökmü şərh edərkən deyib.
“Bəziləri hesab edir ki, bloger azadlıqda gəzəcək, məntəqə tipli cəzacəkmə müəssiəsi şərti cəza kimi qəbul edilir. Lakin bu, əslində belə deyil. Hər halda bu, azadlıqdan məhrumetmədir. Şərti cəza alıb, evində oturmayacaq. Sadəcə, orada şərait yaxşıdır. Müəyyən icazələrlə bir həftəlik buraxıla bilir və s. Bu tip müəsissələrdə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə şəxslər saxlanılır. Onların azadlıqdan məhrum edilməsi beş ildən çox deyil. Buna da beş il hökm çıxarılıb və ona görə də ora göndərilib”, – vəkil bildirib.
Vəkil Nicat Şakirliyə çıxarılan hökmün suallar yaratmasına da münasibət bildirib:
“İşin təfərrüatını bilmədən verilən hökmün ədalətli və ya ədalətsiz olduğunu demək çətindir. Prinsipcə, o, cəzasını nisbətən alıb, qolu da kəsilib. Cəza təyin edəndə hər şeyə baxmaq lazımdır. Bu insan əslində öz-özünü cəzalandırıb. Hesab etmirəm ki, bu, yüngül cəzadır”.