Paşinyan Tiflisdə keçirilən “İpək yolu” forumunda çıxışı zamanı Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın yeni yanaşmasını təqdim edib:
– Qarşılıqlı prinsiplər əsasında nəzarət və gömrük prosedurlarının müəyyən qədər sadələşdirilməsi mümkündür;
– İrəvan sərnişin və yüklərin daşınmasında təhlükəsizliyi təmin etmək məqsədilə xüsusi bölmə yaradacaq: bu bölmə patrul polisi ilə birlikdə fəaliyyət göstərəcək.
Erməni baş nazir bu təklifini “Sülhün kəsişməsi” layihəsi adlandırır və layihənin region ölkələrinə təqdim olunacağını deyir. Əslində bu təklif İrəvan üçün “çıxış yolu”dur, çünki kommunikasiyanın hansı prinsiplə açılması sülh prosesində əsas komponentə çevrilib.
– Qərb cəbhəsi Ermənistanın öz ərazisindən keçən yollara nəzarət edəcəyi “yol” prinsipindən çıxış edir: bu, Azərbaycanın, eləcə də Türkiyə və Rusiyanın istədiyi “dəhliz” məntiqinə qarşıdır;
– Rusiya cəbhəsi 10 noyabr bəyanatının sonuncu bəndində əks olunan “maneəsiz keçid” – dəhliz prinsipindən çıxış edir: Ermənistan və onu dəstəkləyən Qərb ölkələri bunu qəbul etmir.
Kommunikasiya məsələsində “ortaq nöqtə” tapılmadığı müddətdə sülh sazişini imzalamaq mümkün olmayacaq, əksinə, bu, regionda eskalasiya riskini artırır. Rusiya “ortaq nöqtə” tapmaq, həm də Qərb ölkələrinin regiona girişinin qarşısını almaq üçün “sadələşdirilmiş rejim” variantını gündəmə gətirmişdi, hərçənd, ruslar yenə də yola nəzarətdə iştirak payı istəyirdi. İrəvan bunu istəmir. Və “sadələşdirilmiş rejim” və “təhlükəsizlik bölməsi” təklifi ilə Rusiyanın “ortaq nöqtə planına” qarşı həmlə edir: kommunikasiyaların Ermənistan ərazisindən keçən hissəsində patrul xidmətini də ruslara vermək niyyətində deyi;
Ermənistan anlayır ki, Zəngəzur dəhlizindən tamamilə imtina etmək onun üçün ciddi itkilər vəd edir. Ankara və Bakının dəhlizin İran marşrutu ilə aparılmasını gündəmə gətirməsi də İrəvan üçün siqnal oldu. Və mövqeyində müəyyən korrektlər etməklə “ortaq nöqtə” tapmağa çalışır.