İki ölkənin müxtəlif rəsmiləri tərəfindən hansı qarşılıqlı ittihamlar səsləndirilməsindən asılı olmayaraq, Ermənistanla Rusiya arasında iqtisadi əlaqələr dərinləşir.
AzerTimes xəbər verir ki, bu sözləri erməni mediasına açıqlamasında iqtisadçı ekspert Suren Parsyan Ermənistan hakimiyyətinin Qərbə meyil etməsi məsələsini şərh edərkən bildirib.
O bildirib ki, bu ilin ilk 4 ayında Ermənistanın xarici ticarətinin 60 faizi Rusiya ilə olub – 2023-cü ildə bu rəqəm cəmi 35-40 faiz təşkil edib:
“Məsələn, Qərbin sanksiyaları fonunda Ermənistan Rusiyaya müxtəlif avadanlıq və mexanizmlərin alınması və onların Rusiya Federasiyasına çatdırılması probleminin həllində kömək edir. Bunun da sayəsində Ermənistandan avadanlıqların reeksportu ilə məşğul olan şirkət bu ilin birinci rübündə 1000 iri vergi ödəyicisi siyahısına başçılıq edib.
Bundan əlavə, son 5 ay ərzində Rusiya Ermənistan vasitəsilə təxminən 4,5 milyard dollar dəyərində qızıl sata bilib”.
Parsyan Ermənistanın hazırda açıq-aşkar rusiyayönlü siyasət yürütməməsini normal hesab edir, əks halda Qərbin respublikaya qarşı sanksiyaları gələrdi:
“Nəticədə biz Rusiya ilə ixrac, idxal və transfer imkanlarını itirərdik. Ermənistan hökuməti qərbyönümlü siyasət nümayiş etdirir, amma praktikada Rusiya ilə sıx maliyyə-iqtisadi əlaqələri var”.
Parsyan Ermənistan hakimiyyətinin qərbyönümlü bəyanatlarına cavab olaraq enerji daşıyıcılarının qiymətinin artması və ixracla bağlı problemlər barədə Rusiyadan xəbərdarlıqların səslənməsini təbii hesab edir:
“Unutmayaq ki, Ermənistan enerji resurslarının 80%-ni Rusiyadan idxal edir. Ermənistanın şimalında fəlakət baş verəndə Rusiyanın Cənubi Qafqaz Dəmir Yolu çox qısa müddətdə, təxminən iki həftə ərzində dəmir yolunun fəaliyyətini bərpa etdi – halbuki bu, 2-3 ay çəkməliydi. Ermənistana enerji resurslarının idxalı eyni sürətlə davam etdi, Cənubi Qafqaz Dəmir Yolu bunu gecikdirə bilərdi, amma etmədi.
Eyni şey müxtəlif səbəblərdən vaxtaşırı bağlanan Yuxarı Lars keçid məntəqəsinə də aiddir”.