Nikol Paşinyan parlamentdə sensasion bəyanatla çıxış edib. O bildirib ki, İrəvana gələn AB-nin müşahidə missiyası Ermənistanın Rusiya qoşunları ilə birlikdə Azərbaycana zərbə vurmağa hazırlaşıb-hazırlaşmamasına nəzarət edəcək.
AzerTimes xəbər verir ki, bunu Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyan deyib.
“Bu bəyanat bir neçə cəhətdən sensasiyalıdır.
Birincisi, bizi əvvəlcə inandırdılar ki, AB-nin yeni missiyası Ermənistanı “Azərbaycanın təcavüzündən” qorumaq, ölkənin təhlükəsizliyini gücləndirmək və Bakının mümkün “aqresiyasını” qeydə almaq üçün gələcək. Əslində, Nikola görə, onlar bunun əksini görməyə və əmin olmağa gəlirlər.
İkincisi, AB-nin missiyasına Rusiya ordusunun hərəkətinə nəzarət funksiyasını aid etmək Nikol Paşinyanın ağzından çıxan tam geosiyasi fəlakətdir.
Əslində, Nikolun sözlərinə görə, onlar bizim təhlükəsizliyimizi gücləndirməyə yox, rus qoşunlarının hərəkətinə nəzarət etməyə gəlirlər.
Bura Almaniya xarici işlər nazirinin bəyanatını da əlavə edin ki, “Avropa missiyası Azərbaycana da faydalı olmalıdır”. İcazə verin, Xorvatiyanın xarici işlər nazirinin də dünənki bəyanatını xatırladım: “AB missiyası heç bir halda status-kvonu təmin etməyəcək”. Başa düşməlisiniz ki, onlar öz geosiyasi oyunları ilə bizim üçün hansı çirkin oyunlar hazırlayırlar”, – o bildirib.