Ermənistan hakimiyyəti separatçıların mövcudluğunu davam etdirməsi məsələsində ikiliyanaşma sərgiləyir: separatçı rejimin ləğvi ilə bağlı qərardan imtina edən Şahramanyanı “vurur”, bu qərarın qüvvədə olmadığını dilə gətirən Samvel Babayana heç nə etmir, əksinə, ona “qucaq” açır.
Bu, rəsmi İrəvanın hazırki mərhələdə qondarma “artsax” ideyasını tamamilə sıradan çıxarmaqdan daha çox, Babayanın üzərindən nəzarətə götürmək istəyindən xəbər verir.
Birincisi, Şahramanyanın rəhbərlik etdiyi qrupun radikal yanaşması təkcə Bakı ilə sülh prosesinə yox, Paşinyanın hakimiyyətinə də təhdid yaradır;
İkincisi, Babayanın rəhbərlik etdiyi qrupun yumşaq yanaşması hakimiyyətə təhdid yaratmır, amma Qarabağ məsələsini də Ermənistanın nəzarətində daim gündəmdə saxlamağın tərəfdarıdır; Babayan “Azadlıq” radiosunun erməni xidmətinə sonuncu müsahibəsində bildirir ki, “mühacir hökumətə” qarşıdır, əvəzində Ermənistan hakimiyyətinə tabe olan Qarabağla bağlı danışıqlar aparacaq xüsusi komitə yaradılmalıdır.
Görünən budur ki, Ermənistan hakimiyyətinin Qarabağ məsələsi üzərindən daxili təhdidləri aradan qaldırmaq planı var və nəzarətə götürdüyü qondarma “artsax” ideyasından sonrakı mərhələdə Bakıya qarşı mümkün kart kimi də əlində saxlaya bilər. Bu kartdan necə istifadə edəcəyi, yaxud bunu bacaracağı proseslərin inkişafında aydın olacaq.
Ermənistanda Qarabağla bağlı mövcud siyasi mənzərə isə Azərbaycanın istəyinə uyğun görünür. Çünki Babayan olmasaydı, məsələ Şahramanyanın timsalında radikalların tam nəzarətində olacaqdı, eləcə də əksinə, Şahramanyan oyundan kənarlaşdırılsaydı, Babayanın timsalında Ermənistan hakimiyyəti istədiyi kartı tamamilə ələ alacaqdı. Bu baxımdan, Babayan və Şahramanyanın Qarabağdan İrəvana gedə bilməsinin arxasında bu gün Ermənistanın daxili siyasi seqmentində baş verənlərin istiqamətləndirilməsi ssenarisi də görünür.