Nikolun Bakıya təklifi təhlükəlidir – Ekspert

Nikolun Bakıya təklifi təhlükəlidir – Ekspert

Ermənistan Baş naziri Nikol Paşinyanın bir neçə gün öncə delimitasiya ilə bağlı dediyi sözləri doğru oxumaq lazımdır. O, sərhəd bölgələrindən ordu birləşmələrinin güzgüvari şəkildə geri çəkilməsini, sərhədçilərin ora yerləşdirilməsini, sonra delimitasiya prosesinin başlamasını təklif edir. Lakin baş nazirin təklifində təhlükəli məqamlar var.

Bu sözləri AzerTimes-a açıqlamasında politoloq Kamran Cəfərov deyib.

“Əlbəttə ki, hazırda bunu həyata keçirmək mümkün deyil. Çünki cəmiyyətdə gərginlik çox yüksəkdir və xüsusilə Ermənistan tərəfi hansısa təxribatların davam etməyəcəyinə təminat verə bilməz. Baxın, artıq son bir neçə gündür ki, Ermənistanın təxribatları davam edir və beynəlxalq yarışda Paşinyanın gözünün qarşısında Bayrağımız yandırılır. Paşinyanın açıqlamasının detallarına gəldiksə isə qeyd etmək istəyirəm ki, ordunun sərhədçilərlə müqayisədə vəzifələri daha konkret, fəaliyyət imkanları daha genişdir. Ölkənin ərazi bütövlüyünü təmin etmək və qorumaq birbaşa ordunun vəzifəsidir. Yəni ilk ordu ölkənin ərazi bütövlüyünü təmin edir, sonra sərhədə aidiyyəti üzrə qüvvələr yerləşdirilir. Ancaq indiki məqamda Dövlət Sərhəd Xidməti qüvvələrinin şərti sərhədə yerləşdirilməsi halında Ermənistan mülki əhalinin əli ilə hansısa təxribatlara yol verə bilər. Son nəticədə baş verən neqativ hallar əleyhimizə çevrilər”, – o bildirib.

Ekspertin fikrincə, Ermənistanla münasibətlərin beynəlxalq hüquq çərçivəsində tam nizama salınması prosesinə Ukrayna müharibəsinin nəticələri birbaşa təsir edəcək:

“Rusiyanın Ukrayna ərazisindən çıxması 1-1,5 il çəkəcək. Rusiya ordusu öz sərhədlərinə çəkildikdən sonra biz də Ermənistanla normal sülh müqaviləsi imzalaya, delimitasiya prosesini həyata keçirə bilərik. Yalnız belə olan halda orduları güzgüvari şəkildə geri çəkməkdən, AB-nin hansısa nəzarət missiyasından bəhs etmək mümkündür”.

Teqlər: