Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Binəli Yıldırımın Ermənistanla bağlı sözləri müzakirə edilir. Belə ki, Binəli Yıldırım Ermənistanın mayın 15-də Azərbaycanın ərazi bütövlüyünü tanımayacağı ilə bağlı bəyanat verməyə hazırlaşdığını, ancaq Azərbaycanın ərazi bütövlüyünü qəbul etmək məcburiyyəti ilə üzləşdiyini açıqlayıb. Almatı Bəyannaməsinə sadiqliyini hələ bir neçə ay əvvəl təsdiqləyən, 14 mayda isə Brüsseldə Azərbaycan Prezidenti və AŞ rəhbəri ilə üçtərəfli görüş keçirən Ermənistan Baş naziri niyə 15 mayda Azərbaycanın ərazi bütövlüyünü tanımadığını elan etməli idi?
AzerTimes xəbər verir ki, mövzu ilə bağlı Avropada yaşayan jurnalist Elbəyi Həsənlinin münasibəti maraq doğurub. Onun fikrincə, 14 mayda Türkiyədə keçirilən prezident seçkilərində Kamal Kılıçdaroğlu qalib gəlməli, 15 mayda onun Türkiyənin yeni prezident olduğu elan edilməli idi, bu isə İrəvanın destruktiv addımlarına səbəb olacaqdı.
“Niyə Nikol Paşinyan Ermənistan-Azərbaycan sülh müqaviləsinin imzalanmasını bu qədər uzatdı? O, ümid edirdi ki, Ərdoğanın gedişindən sonra qüvvələr nisbəti kəskin şəkildə Ermənistanın xeyrinə dəyişəcək. Bəli, sayın Kılıçdaroğlu prezident seçilsəydi, məhz elə də olacaqdı.
Düşüncəmə görə, mayın 14-dəki seçkilər Türkiyə və Azərbaycanın, bütövlükdə türk dünyasının dostları ilə düşmənləri arasında gedirdi. Qərbin dəstək verdiyi PKK və Daşnaksütyun zehniyyəti ilə türk kimliyi arasındakı mübarizənin birinci turu başa çatıb. İkinci turda türk kimliyinin ciddi səs çoxluğu ilə qələbə çalacağı gözlənilir. Sayın Ərdoğanın qələbəsi rəsmiləşəndən sonra Ermənistan həm Türkiyə, həm də Azərbaycanla çox qısa zamanda anlaşacaq”, – o qeyd edib.