Nikolun ailə qəzetində dəhliz: 3 ölkəyə iftiralar…

Nikolun ailə qəzetində dəhliz: 3 ölkəyə iftiralar…

Ermənistan Baş naziri Nikol Paşinyanın ailəsinə aid “Aykakan jamanak” qəzetində Zəngəzur dəhlizi ilə bağlı diqqətçəkən məqalə dərc olunub.

AzerTimes xəbər verir ki, redaksiyanın öz məsuliyyəti ilə (imzasız) dərc olunan məqalə “Niyə Ermənistan ərazisindən? Dəhlizin əsas benefisiarı kimdir və niyə dəhliz, yol yox?” adlanır.

Redaksiyanın fikrincə, dəhlizin əsas “qazanclı tərəfləri” Azərbaycan, Türkiyə və Rusiyadır.

Məqalənin əvvəlində Paşinyanın ənənəvi yalanına – 10 noyabr bəyannaməsində “dəhliz” sözünün olmamasına diqqət çəkilib – halbuki, “dəhliz” sözü olmasa da, bəyannamənin 9-cu bəndində Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirən yola Rusiya Sərhəd Xidmətinin nəzarət edəcəyi, Ermənistanın isə bu yoldakı təhlükəsizliyə zəmanət verəcəyi (Laçın dəhlizinə aid öhdəliklə birəbir öhdəliklər – red.) bildirilir.

Bu isə onu deməyə əsas verir ki, məqalə Paşinyan ailəsinin birbaşa nəzarəti ilə dərc edilib.

Məqalədə benifisiarlar belə göstərilib:

Dəhliz Azərbaycana imkan verəcək ki:

– Azərbaycan-Naxçıvan-Türkiyə yükdaşımaları daha sərfəli şərtlərlə olacaq;

– İrandan Ermənistana gələn yüklərə nəzarət imkanı yaranacaq (Bu, tamamilə böhtandır, dəhlizə Rusiya sərhədçiləri nəzarət edəcək, Azərbaycan İrandan gələn yükləri Ermənistan ərazisində niyə yoxlamalıdır? – red.);

– Ermənistanda daxili siyasi vəziyyəti və ictimai əhval-ruhiyyəni gərginləşdirmək üçün bundan qaynar mövzu kimi istifadə etmək (növbəti böhtandır, Azərbaycan Ermənistanda daxili siyasi gərginliyi hansı səbəbə artırmalıdır? – red.)

– Azərbaycanın Zəngəzurla bağlı üstüörtülü ambisiyaları var. Dəhliz azərbaycanlıların bu ərazilərə qayıtması üçün qanuni zəmin yaradılması istiqamətində ilk addımdır və s.

İddia edilib ki, yol olarsa, Azərbaycan vergi ödəməli olacaq və yükün hesabatını verəcək. Bunu isə Bakı istəmir.

“Azərbaycan niyə İrandan avtomobil və dəmir yolu almır? Çünki İran heç vaxt bunu verməz, Ermənistan da”, – məqalədə qeyd edilir.

Göründüyü kimi, “İran verməz, Ermənistan da” sözləri ilə Paşinyanın ailə qəzeti mövqeyini ortaya qoyur və bir daha Zəngəzur dəhlizi məsələsində üzərinə götürdüyü öhdəlikdən sona qədər yayınacağını ifadə edir.

Bunun nəticəsinin nə olacağını da məqalənin anonim müəllifi bilir: Azərbaycan güc yolu ilə almağa çalışacaq!

Türkiyəyə dəhliz nə verəcək:

– Türk dünyası ilə maneəsiz əlaqə;

– İrandan Ermənistan vasitəsilə Avropaya mümkün qaz nəqlinin bağlanması… (Burada da Paşinyan ailəsi böhtan atır: Ermənistandan belə bir kəmər keçmir və yaxın 50 ildə də belə kəmərin çəkilməsi perspektivi görünmür – red.).

Rusiya nə qazanır?

– Yüklərini Azərbaycandan keçirərək Türkiyəyə çatdırır;

– İrandan Ermənistanın quru ərazisindən keçən yüklərə təsir göstərir (Hansı təsirdən söhbət getdiyi məlum deyil – red.);

– Ermənistan və Azərbaycana əlavə təsir imkanları əldə edir (? – red.);

Ukraynadakı müharibə fonunda yüklərin daşınması üçün bu yolun Rusiyaya çox lazım olduğu vurğulanan məqalədə “dəhlizin açılacağı halda Azərbaycanın Rusiya üçün rolu artacaq” deyə qeyd edilir.

Görünür, Paşinyan ailəsinin əsl narahatlığı da məhz budur: Azərbaycanın önəminin artması!

Məqalədə Rusiya və KTMT-nin ünvanına ittihamlar da yağdırılır, Ermənistanı “hərbi təminatla təchiz etməməklə” Rusiyanın öhdəliyindən yayındığı bildirilir və Ermənistanı zəiflətməklə, “İttifaq Dövlətinin” (Rusiya və Belarus) tərkibinə daxil edilməsi təhlükəsindən bəhs edilir.

Ən ciddi iftira isə budur: məqalədə bildirilir ki, guya Rusiya Azərbaycanın “aqressiyasına” şərait yaratmaqla, Naxçıvana açılan dəhlizi gələcəkdə öz nəzarəti altına almaq istəyir.

Halbuki 10 noyabr bəyanatında Naxçıvana gedən yolun Rusiya Sərhəd Xidmətinin nəzarətində olacağı açıq mətnlə yazılıb.

Məqalə Paşinyanın adi tənqidə dözməyən “siyasi arqumentləri” ilə bəyanatın icrasından boyunqaçırma cəhdinin ifşası baxımından maraqlıdır.

Teqlər: