Nikol Zəngəzur yolundan danışdı, amma necə…

Nikol Zəngəzur yolundan danışdı, amma necə…

Ermənistan günü bu gün Naxçıvanla Azərbaycanın qərb rayonları arasında rabitəni təmin etməyə hazırdır.

AzerTimes xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Biz istənilən vaxt bu əlaqəni təmin etməyə hazırıq, lakin Azərbaycan bizim verdiyimiz imkandan istifadə etmir. Bu gün də biz onlara deyirik ki, Ermənistan qanunvericiliyi çərçivəsində onlar sərhədi keçib Naxçıvana gedə bilərlər. Elə bu gün”, – Paşinyan bildirib.

Erməni baş nazir 10 noyabr bəyanatının mahiyyətinə zidd olaraq, bunu tam fərqli yöndən izah etməyə çalışıb. Bildirib ki, ötən ildən Ermənistanda bir neçə nöqtədə “gömrük və sərhəd xidməti məntəqələri” fəaliyyət göstərir və Azərbaycan vətəndaşları bu keçidlər vasitəsilə sərhədi keçərək Naxçıvana gedə bilərlər:

“Məsəlçün, Qazax-Berd (Tovuzqala), Qazax-İcevan, Basarkeçər (Vardenis), Zəngəzur, Arazdəyən və Gorusdakı məntəqələrdən keçə bilərlər. Elə bir hadisə olmayıb ki, Azərbaycan vətəndaşı keçməyə cəhd etsin və Ermənistan tərəfi bunun qarşısını alsın”.

Bu, erməni baş nazirin güman yanıtması və spekulyasiyasıdır. Məsələ ondadır ki, Azərbaycan vətəndaşı Qazax və yaxud digər hardansa keçib, Ermənistanın bütün ərazisindən dövrə vuraraq, Naxçıvana getmək niyyətində deyil və olmayacaq da. Ortada konkret saziş var, 10 noyabr 2020-ci il bəyanatının 9-cu bəndində açıq şəkildə göstərilir: “Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”.

Burda məsələ Zəngilan rayonundan Naxçıvana gedişdən, Ermənistan ərazisindən keçəcək 44 km-lik yoldan gedir – Qazaxdan keçib getməkdən getmir.

Bəyanatdakı bu bənd eynilə 6-cı maddədə Azərbaycanın Laçın yolu ilə erməni vətəndaşlarına tanıdığı imkana bərabərdir. Azərbaycan Laçın yolunda ermənilərin “gömrük və sərhəd xidməti məntəqələrindən” keçidini şərt kimi qoymayıb və bu, bəyanatda da əks olunmayıb. Eyni vəziyyət Zəngəzur dəhlizinə də aiddir. Laçın yolunu rus sülhməramlı kontingenti, Zəngəzur yolunu isə Rusiya Sərhəd Xidməti qorumalıdır. Azərbaycan Rusiya Sərhəd Xidmətinin qoruduğu “maneəsiz yol”u tələb edir. “Maneəsiz hərəkət” öhdəliyi götürən Ermənistan Baş naziri Nikol Paşinyan isə indi gömrük və sərhəd məntəqələrindən keçilməsini istəyir.

Bu, 10 noyabr 2020-ci il bəyanatını təhrif etmək, öhdəlikdən imtina deməkdir.

Erməni baş nazir üçtərəfli bəyanatda əksini tapan Laçın yolunun alternativi haqda da danışıb və burda da söz oyunu qurmağa çalışıb.

O, 6-cı maddədə “tərəflərin razılığı əsasında növbəti üç il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək” ifadəsindən “tərəflərin razılığı”nın üzərində dayanıb və Ermənistan tərəfinə hər hansı inşa planı təqdim edilmədiyini bildirib, həmçinin 3 ilin hələ tamam olmamasına diqqət çəkib.

Halbuki bəyanatda “3 il ərzində” deyilir və bunun mütləq şəkildə 3 il olması öhdəliyi yoxdur.

Digər tərəfdən, Azərbaycan öz ərazisindən keçən Laçın yoluna alternativ yolun tikintisi planını niyə Ermənistanla məsləhətləşməlidir? Burda “tərəflərin razılığı” yolun çəkilməsi ilə bağlı mümkün variantın təqdim edilməsindən gedir. Azərbaycan isə alternativ yolun çəkilməsi üçün mümkün olan istiqaməti çoxdan bəyan edib və bununla bağlı işləri 2 ildir aparır. Ermənistan isə 2 ildir Azərbaycanın çəkdiyi yolu izləməkdən başqa heç bir iş görməyib.

Təsadüfi deyil ki, ötən gün erməni ekspert Anjela Əlibəyova da eyni arqumenti səsləndirmiş və Gorus-Qafan yolunu misal çəkmişdi. Azərbaycan Gorus-Qafan yolundan ermənilərin maneəsiz istifadəsinə bir ilə yaxın şərait yaratdı və nəhayət, Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən hissəsində sərhəd və gömrük postlarını qurdu. Yalnız bundan sonra Ermənistan Tatev yolunun inşasına başladı.

Hazırda Azərbaycan Laçın yoluna alternativi çəkib, Ermənistan isə hələ də prosesə başlamayıb. Səbəb nədir? Ermənistan niyə alternativ yola “köçməyə” tələsmir? Ermənistanın bu yolla bağlı öhdəliyi gecikdirməsinin əsl səbəbi nədir? Niyə Laçın yolu və Laçın şəhərinin boşaldılması tələb edilən kimi Ermənistan Qarabağda qanunsuz silahlılar vasitəsilə təxribata başladı?

Bu sualların heç birinin cavabı yoxdur, əvəzində Ermənistan baş naziri yalnız 10 noyabr 2020-ci il bəyanatının maddələri üzərində söz oyunu ilə prosesi ləngitməyə çalışır.

Gorus-Qafan yolundakı vəziyyət yalnız Ermənistan rəhbərliyinin öhdəliklərdən boyun qaçırması cəhdinə görə Laçın yolunda da təkrar olunacaq. Azərbaycan alternativ yolu çəkib, Ermənistan o yolu çəkə bilməyibsə, onda öz ərazisindən daş-kəsəkli və torpaq yolla gələ bilər – bunun Azərbaycana heç bir aidiyyəti yoxdur.

Teqlər: