Nikolun açıqlamalarının məntiqi izahı belədir: o, sülh gündəmini aldatdı və uğursuzluğa düçar oldu. Özü də bunu çox gözəl anlayır və günahı özündən yayındırmağa çalışır. Təbii ki, bu an Rusiya sülhməramlılarına yönəlir, onlardan günah keçisi düzəldir.
Paşinyanın bəyanatları belə səslənir: camaat, mən Qarabağ məsələsini həll edə bilmirəm, Ermənistanın təhlükəsizliyi məsələsi isə sual altındadır, nə edə bilərəm?
AzerTimes xəbər verir ki, bunu erməni deputat Andranik Tevanyan deyib.
“Müharibəyə səbəb də məhz onun siyasəti idi, Laçın yolunun “blokada”da saxlanılması da. Praqada Paşinyan etiraf etdi ki, Qarabağ Azərbaycanın tərkibində olmalıdır. Elə ordaca Laçın yolunun statusunun olduğu Üçtərəfli Bəyanatı redaktə etdilər. Bu status silindi”, – o bildirib.
Paşinyanın eskalasiya riskinin çox yüksək olduğu barədə bəyanatına toxunan Tevanyan qeyd edib ki, Nikol hakimiyyətdə olduğu müddətdə bu təhlükə qalacaq:
“İstər sülhməramlılar, istərsə də AB müşahidəçilərinin olub-olmamasından asılı olmayaraq, Ermənistanda hər gün eskalasiya təhlükəsi var. Nikolun siyasəti müharibə gətirən diplomatiyadır. Onlar müharibə və məğlubiyyət partiyasıdır.
Ən böyük təhlükə isə Ermənistanın geosiyasi nifaq almasına çevrilməsi və toqquşmaların mərkəzində olmasıdır. Hazırda iki rəqib platforma var, Vaşinqton platformasının məntiqi budur ki, Qarabağ Azərbaycanın tərkibində olmalıdır, Moskva platformasının məntiqi bu məsələni gələcəyə buraxmaqdır. Bizə Moskva platforması faydalıdır, lakin Paşinyan bu platformanı məhv etdi”.