AB və NATO Yaxın Şərq və Ukraynada uğursuzluğa düçar olur. Ermənistan hələ də Avro-Atlantik strukturlarda xoş qarşılanmır. Rusiya Cənubi Qafqazda əsas amil olaraq qalır. Buna görə də Ermənistanın Baş naziri Nikol Paşinyan Avrasiya formatlarının sammitlərini sonsuza qədər boykot edə bilməz.
AzerTimes xəbər verir ki, bunu “Vestnik Kavkaza”nın analitiki Konstantin Proxorov deyib.
“Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra Ermənistanın Aİİ və KTMT-də iştirakı böyük suala çevrildi. Paşinyan hər fürsətdə KTMT-ni fəaliyyətsizlikdə ittiham etdi və Azərbaycanın Qarabağda öz suverenliyini qanuni şəkildə bərpa etməsində Rusiya və onun sülhməramlılarını günahlandırdı. Buna görə də KTMT ölkələrinin liderləri, o cümlədən Putin Qarabağın təşkilatın məsuliyyət zonası olmadığını, hətta İrəvanın özünün də separatçı rejimin müstəqilliyini heç vaxt tanımadığını açıqlayıb. Lakin İrəvan Kremlə kin saxlamaqda davam edirdi. Bu mövqe yaxşı heç nəyə gətirib çıxarmadı. Ermənistan xarici siyasətdə nəinki tam müstəqilliyə ümidini itirdi, həm də Rusiyanın xarici siyasətinin prioritetləri baxımından mövqeyini pisləşdirdi. Paşinyanın çoxsaylı hücumları Moskva ilə İrəvan arasında onsuz da sarsılmış müttəfiqlik münasibətlərini zəiflətdi. Ukraynaya humanitar yardımın göndərilməsi, Roma Əsasnaməsinə qoşulması və ABŞ-Ermənistan hərbi təlimləri Rusiyanı ilk dəfə olaraq Ermənistan səfirinə etiraz notası verməyə məcbur etdi. Belə böhrandan sonra Paşinyan məqsədinin Ermənistanı Qərblə inteqrasiya yoluna çıxarmaq olduğunu etiraf etməkdən çəkinmədi”, – o bildirib.
Proxorov qeyd edib ki, vəziyyətin daha da gərginləşməsi Ermənistan üçün çox riskli olardı:
“Rusiya onun qonşusu olaraq qalır. Azərbaycanla münasibətlərin normallaşması prosesi başlayandan sonra regionda “3+3” formatında tərtib edilmiş yeni nəqliyyat və iqtisadi strukturlar formalaşır. Türkiyə AB-yə qısa zamanda üzv olmayacaq. Gürcüstana namizəd statusu formasında “kart” verilib. Cənubda antiqərb İran, şimalda NATO və AB ilə münaqişədə olan Rusiya var, şərqdə isə AB-yə daxil olmağa can atmayan Azərbaycan. Paşinyan siyasəti yaxşı anlamasa da, coğrafiyadan və iqtisadiyyatdan anlayır. Ermənistan regiondan yoxa çıxa bilməz. Ermənistanın enerji və ümumiyyətlə, bütün iqtisadiyyatı Rusiyaya yönəlib. Ölkənin təhlükəsizliyinə Rusiya hərbi bazası zəmanət verir. Əgər Rusiyadan tamamilə ayrılsa, ölkə maliyyə fəlakətinin astanasında qala bilər və ola bilsin ki, müəyyən ərazilərini itirər. Buna görə də Paşinyan Aİİ və MDB-nin qeyri-rəsmi sammitinə qatıldı. Sankt-Peterburqda peyda olan Paşinyan köhnə səhvlərini qismən düzəltməyə çalışır. Nikol coğrafi faktorla yanaşı, NATO və AB-nin Yaxın Şərq və Ukraynada üzləşdiyi çətinlikləri də görməyə bilməz. NATO-nun döyüş sursatı tükənir, Rusiya ordusu irəliləyir, ABŞ və AB islam dünyasında təcrid olunub. Beləliklə, Paşinyanın Rusiyaya səfəri onun hazırkı geosiyasi reallığı tanımasının nəticəsidir. Amma onun istənilən fürsətdə Qərbə “qaçmağa” çalışacağı da bəllidir. Qərbin özünün buna nə vaxt hazır olub-olmayacağı böyük müzakirə mövzusudur”.