Nikol “status” üçün çalışanda Bakı addım atdı – Voytaşeviç

Nikol “status” üçün çalışanda Bakı addım atdı – Voytaşeviç

Ermənistan və Rusiya arasında qarşılıqlı qınaq mübadiləsi siyasi oyundur. Paşinyan başa düşürdü ki, dünya Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır, ona görə də Rusiya və KTMT-nin müdaxiləsi mümkün deyil. Lakin 2022-ci ildə baş verən sərhəd döyüşlərinə gəlincə, müttəfiqlərin heç nə etməməsi erməni nöqteyi-nəzərindən problemə çevrildi.

AzerTimes xəbər verir ki, bunu Polşa Beynəlxalq Münasibətlər İnstitutunun Cənubi Qafqaz məsələləri üzrə eksperti Voytsex Voytaşeviç deyib.

“Bəs Paşinyan nə etməli idi? 2020-ci il müharibəsindən sonra o bilirdi ki, Ermənistan ordusu çox zəifdir və Azərbaycanla müharibədə qalib gələ bilməyəcək. Rusiya silah satmaq istəmirdi, İrəvan hakimiyyəti bütün dünyada silah axtarırdı, amma başa düşmək lazımdır ki, İrəvan və Bakının iqtisadi imkanları müqayisə oluna bilməz”, – o bildirib.

Voytaşeviç qeyd edib ki, Paşinyan Qarabağ ermənilərinə hansısa muxtariyyət əldə etmək üçün hər şeyi etməyə çalışıb:

“Artıq siyasətdən söhbət getmirdi, ona görə də bütün səylər dil və mədəni muxtariyyətin təmin edilməsinə yönəlmişdi. Ermənistan BMT, AB, ABŞ və Rusiyanı bu işə cəlb etmək istəyirdi, lakin danışıqlar uzandı və sonda Azərbaycan öz hərbi əməliyyatı ilə bağlı qərarını verdi. Putin üçün Paşinyanın Qarabağdan imtina etdiyini söyləmək asandır, lakin Nikolun seçimi yox idi. Paşinyan yenə də deyə bilərdi ki, Qarabağ Ermənistanın bir hissəsidir. Ancaq yeni bir müharibə olacağı təqdirdə o, 100% məğlubiyyətə uğrayacaqdı”.

Polşalı ekspert Ermənistanla Ukraynanın yaxınlaşmasını Rusiyanın Qarabağdakı ermənilərə münasibətindən məyusluqla izah edib:

“Üstəlik, Rusiyanın Ukraynada qələbə qazanacağı təqdirdə növbəti hədəfin Cənubi Qafqaz ölkələri ola biləcəyi ilə bağlı qorxular da var. Ukraynanın Azərbaycana silah satmasının ermənilərin xoşuna gəlmədiyini xatırlayırıq. Amma Paşinyanın siyasəti Ermənistan cəmiyyətinin əhval-ruhiyyəsindən asılıdır. İndi erməni cəmiyyəti məyusdur və mahiyyətcə antirusiya mövqeyi tutur. Paşinyan populist olduğu üçün Ukraynadan danışanda da mövqeyini dəyişdi. İrəvanın yeni siyasətinin səbəbi də budur. Ermənistan hakimiyyəti hələ də xarici siyasətini necə quracağına qərar verməyib. Ermənilər Qarabağ mövzusunda Azərbaycanla təkbətək qalandan sonra onlar ABŞ və Avropa ölkələrinə yönəlmək istəyir, MDB və KTMT-nin iclaslarında iştirak etmir, baxmayaraq ki, bu təşkilatları tərk etmək niyyətlərini birbaşa bildirmirlər. İrəvanda qeyri-rəsmi olaraq deyirlər ki, bir il əvvəl Amerika və Avropa siyasətçilərinə KTMT-dən çıxmaq istəyi barədə danışıblar. Amma buna “hələ vaxt çatmayıb və Rusiyanın Ermənistanda hərbi əməliyyatı üçün təhlükə var” cavabını alıblar. Paşinyan noyabrda da oxşar eyhamlar etmişdi. Xüsusilə, Ermənistanın KTMT-yə gələcək üzvlüyü ilə bağlı suala o, milli maraqları əsas tutacağını bildirib. Bununla belə, bir çox analitik faktiki olaraq ölkənin KTMT-ni artıq tərk etdiyini vurğulayır. Onlar üçün rəsmi statusdan çox reallıq önəmlidir. Ermənistan hökuməti Qərbdən güclü təhlükəsizlik zəmanəti aldıqdan sonra KTMT-dən çıxmaq qərarına gələcək. Qərb isə belə zəmanətləri yalnız Rusiya Ukraynada məğlub olanda verə bilər. O vaxta qədər həm Qərb, həm də Ermənistan çox ehtiyatlı davranacaq. Çox güman ki, 2024-cü ildə Rusiya ilə münasibətlər bu il olduğu kimi olacaq. Yəni, “iki addım irəli, bir addım geri” siyasəti davam edəcək”.

Teqlər: