Rusiya Prezidenti Putin və Ermənistanın Baş naziri Paşinyan demək olar ki, eyni vaxtda ikitərəfli münasibətləri və Qarabağdakı vəziyyəti dəyərləndiriblər. Onların bəyanatları Moskva ilə İrəvan arasında ziddiyyətlərin kəskinləşməsi fonunda səsləndi. Deyilənlərin mahiyyətini başa düşmək vacibdir. Rusiya Cənubi Qafqazdakı maraqlarını “inventarlaşdırır” və erməni tərəfinin hərəkətlərinə görə məsuliyyəti öz üzərinə götürmək istəmir. “Papadan daha böyük katolik” olmayın! Siz Qarabağı Azərbaycan ərazisi kimi tanıdınız, bəs onda məsuliyyəti niyə bizim üzərimizə atırsınız?
AzerTimes xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markedonov deyib.
“İrəvan Paşinyanın ağzı ilə Rusiyanın bu ölkənin təhlükəsizliyinin müstəsna təminatçısı olması faktını şübhə altına alır. Bunu hiylə olmadan etmək olmaz. Kiçik ölkələr yalnız özlərinə arxalanaraq öz maraqlarını təmin edə bilməzlər. Bu o deməkdir ki, guya daha etibarlı müttəfiq tapmaq üçün İrəvanın xarici siyasətini yenidən istiqamətləndirmək təhlükəsi var. Bununla belə, “Qərbə dönüş” əvvəlcədən müəyyən edilməyib, çünki Qarabağ düyünündən əlavə, bir çox düyünlərin açılmasına ehtiyac var. Moskva olmadan bunu etmək çətindir. Üstəlik, keçmişdə artıq Rusiyanın Ermənistanı tərk etməsi presedentləri var idi. Nəticələr çox da təsiredici deyildi. Tarix heç kimə heç nə öyrətməsə də, düşünməli mıqamlar var. İstənilən halda Rusiya ilə Ermənistan arasında münasibətlər çətin mərhələyə qədəm qoyur. Çox şey tərəflərin bir-birinin problemlərini adekvat şəkildə başa düşməsindən və empatiya qura bilməsindən asılıdır. Əks halda itkilərin qarşısını almaq mümkün deyil”, – o bildirib.