Paşinyanın mətbuat konfransındakı çıxışından bir neçə nüansa diqqət edək: Ermənistan ordusunda “5-ci kolon” fəaliyyət göstərirdi, bu kolonun fəaliyyəti 44 günlük müharibədə məğlubiyyətə və Ermənistanın özünün Zod/Söyüdlü ərazilərinin itirilməsinə gətirib çıxarıb. Aktiv fəaliyyət göstərən “5-ci kolon”un öz ordusu var və elə bir vəziyyətdəyik ki, həm Ermənistan-Azərbaycan sərhədində, həm də Qarabağda eskalasiya təhlükəsi var… Maraqlıdır ki, Ermənistan “KTMT-nin ölkədən çıxmasından” narahatdır, eskalasiya təhlükəsi altında isə KTMT baş katibinin müavininin kvotasından imtina edir. Eyni zamanda hakimiyyət Ermənistan üçün heç bir alternativ təhlükəsizlik sistemi tapa bilmir.
AzerTimes xəbər verir ki, bunu erməni politoloq Benyamin Matevosyan deyib.
“Paşinyan danışıqların Brüssel formatını effektiv hesab etmir, çünki bu formatdakı razılaşmalara əməl olunmur. Onun fikrincə, Praqa formatı (Ermənistan, Azərbaycan, AB və Fransa – red.) isə meqa-məhsuldar olub. Bakı bu formatda müzakirələrin davam etdirilməsinin əleyhinədir. Baxmayaraq ki, Paşinyan 10 noyabr 2020-ci il tarixli sənədin məzmununu məhz Praqada redaktə edib və Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyaraq, Laçın yolunun Azərbaycanın nəzarətində olmasına razılıq verib.
Bundan başqa, Paşinyan Praqa formatına yeniliyin əlavə edilməsi ideyasının tərəfdarı olduğunu bildirib. O, Fransadan əlavə (Bakının vasitəçilik etməkdən imtina etdiyi ölkə – red.) formata Almaniya, eləcə də ABŞ-ı da əlavə etməyi təklif edib. Bu ölkələr İrəvanla Bakı arasında razılaşmaların icrasının təminatçıları olmalıdır.
Paşinyanın fikrləri NATO-ya gedən yolun onların üzünə bağlı olduğunu anlayaraq, “Ukrayna təhlükəsizliyinin qarantlarının formatları” ilə çıxış etməyə çalışan Ukrayna hakimiyyətinin etdiklərini xatırladır. Kiyev ölkəsinin təhlükəsizliyinin zəmanətçisi kimi yeni dövlətlərin siyahısını yayımlayır – Polşa və Türkiyədən tutmuş Böyük Britaniya və ABŞ-a qədər.
İrəvanda Azərbaycanı Laçın yolunun “blokadadan” çıxarılması ilə bağlı Haaqa Tribunalının qərarını yerinə yetirməyə məcbur edəcək effektiv mexanizmlər yoxdur. Rəsmi İrəvan “Qarabağın statusu” ilə bağlı gözləntiləri o qədər aşağı salıb ki, “dqr”in beynəlxalq səviyyədə tanınmış öz müqəddəratını təyinetmə hüququ məsələlərini müzakirə etməkdən imtina edib. Paşinyan cavabdan yayınmaqla nəinki inkar etmədi, əksinə, rəsmi İrəvanın Qarabağı Azərbaycanın bir hissəsi kimi tanınması məntiqi çərçivəsində danışıqlar apardığı sənədin həqiqiliyini təsdiqlədi və göstərdi ki, Qarabağ ermənilərinin təhlükəsizlik məsələləri Azərbaycan konstitusiyasına uyğun olaraq həll edilməlidir. Eyni zamanda, Paşinyan təsdiqlədi ki, onunla Araik Arutyunyan (Xankəndidəki separatçıların başçısı – red.) arasında ziddiyyətlər var” , – o bildirib.
Matevosyan qeyd edib ki, həmişə olduğu kimi, mətbuat konfransı məyusedici təəssürat yaratdı:
“İlham Əliyevin Ermənistandakı hazırkı vəziyyətlə bağlı və ölkənin gələcəyinə dair ən çox məlumatlı adamlardan biri olması hələ də bəzilərinə paradoksal görünür. Fikirləşirsinizmi, hansı səbəbdən Qərbi Azərbaycan İcmasının nümayəndələrinin səsi Bakıdan getdikcə ucadan eşidilir. Paşinyanın mətbuat konfransı nəticəsində hazırlanan materiallarla tanış olanda mütləq bu barədə düşünün.
Mətbuat konfransının ilk saatında Paşinyan Almaniyadakı erməni diasporunun nümayəndələri ilə görüşündən nümunə götürərək “erməni dövlətçiliyinin özünün mövcudluğuna təhlükələr” haqqında danışıb. Tədbirin yekun hissəsində isə bildirib ki, bu gün Ermənistanda “toxunulmaz ərazilər” yoxdur. Yuxarıdakı bənddə yazılanları xatırlayaraq, bu barədə düşünməyi unutmayın”.