Noyabrın 11-də BMT Baş Assambleyasının 3-cü Komitəsi nasizm qəhrəmanlığına qarşı mübarizə haqqında Rusiya qətnaməsini qəbul edib. Ermənistanın da qətnamənin lehinə səs verməsi isə birmənalı qarşılanmayıb.
AzerTimes xəbər verir ki, Ermənistanın “Hraparak” nəşri Paşinyan iqtidarının illərdir Rusiyaya qarşı təbliğat aparmasına diqqət çəkib.
“Həmişə rusiyayönlü qətnamələrin əleyhinə səs verən və ya müxtəlif beynəlxalq strukturlarda səsvermədə bitərəf qalan Nikol Paşinyan indi nəinki lehinə səs verir, hətta sənədin həmmüəllifdir. Ekspertlər Bayden administrasiyasının dəyişməsindən və Rusiyanın regionda təsirinin genişlənməsindən sonra Paşinyanın Putinin “qucağına qayıdacağını” və daha absurd situasiyalarla üzləşəcəyini proqnozlaşdırırdılar”, – nəşr bildirib.
Qeyd edilib ki, sənədin “həmmüəllifləri” Ermənistan, Belarus, Çin, Mali, Şimali Koreya və s. ölkələrdir. Qətnamənin əleyhinə isə 54 ölkə, o cümlədən Ukrayna, ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Kanada, Macarıstan, Yaponiya və başqaları səs verib.
Ümumilikdə sənəd 116 ölkənin (11 ölkə bitərəf qalıb) səsi ilə qəbul edilib.