Ermənistanın Respublika Partiyasının sədr müavini, keçmiş təhsil naziri, dövlət əmlakını mənimsəməkdə ittiham olunaraq, bir həftə öncə həbs edilən Armen Aşotyan Baş nazir Nikol Paşinyanın 44 günlük müharibə ilə bağlı parlament komissiyasının iclasında verdiyi hesabatla bağlı geniş məqalə ilə çıxış edib.
AzerTimes xəbər verir ki, Aşotyanın həbsxanadan göndərdiyi və erməni mediasında tirajlanan məqalədə olduqca maraqlı nüanslar var.
O yazır ki, Nikol Paşinyan oktyabrın 7-8-də müharibəni ən azı müvəqqəti dayandırmaq üçün daha bir şans olduğunu və bu təklifdən guya Ermənistanın maraqlarına uyğun olmadığı üçün imtina etdiyini bildirir.
Əslində isə həqiqət tamamilə başqadır. Belə ki, həmin ərəfədə Ermənistan ordusu “Lələtəpə əməliyyatı”na hazırlaşırdı:
“Paşinyan “hazırda davam edən müharibədə sıçrayış əməliyyatları” olacağı haqda o ərəfədə birbaşa xarici mediada çıxışlar edirdi. Sonradan məlum olduğu kimi, həmin uğursuz əməliyyat Ermənistan Silahlı Qüvvələrinin ehtiyat hissələrinin belini qırdı və geridönməz nəticələrə səbəb oldu”.
Xatırladaq ki, ermənilərin ciddi şəkildə hazırlaşdığı və böyük qüvvə cəlb etdiyi sözügedən əməliyyat zamanı hücum edən erməni qüvvələri darmadağın edilmişdi: 830 canlı itki verən və əməliyyata girən 44 tankdan 42-sini itirən ermənilər geri çəkilmiş, Ordumuz 100 km-dən də çox irəliləmişdi. Bu, 44 günlük müharibədə Ordumuzun ən böyük hərbi qələbələrindən biri sayılır.
Aşotyan daha bir məqama da toxunur. O bildirir ki, oktyabrın 13-16-da Rusiyanın vasitəçiliyi ilə aparılan danışıqlarda da müharibəni dayandırmaq fürsəti olub və bu zaman indikindən daha yaxşı vəziyyətdə atəşkəs qərarı vermək mümkün imiş. Ancaq Rusiyanın vasitəçilik etdiyi danışıqların baş tutmamasına Fransa Prezidenti Emmanuel Makronun vədləri səbəb olub.
“Rusiyanın vasitəçiliyi ilə müzakirələr gedirdi – real vəziyyətdə, döyüşlər getdiyi yerdə atəşkəs ola bilərdi. Ancaq Paşinyan Makronun vasitəçiliyi ilə müharibəni dayandırmağa deyil, humanitar atəşkəsə razılaşdı. Bu, müharibəni dayandırmaq deyil, fasilə idi”, – Aşotyan yazır.
Paşinyanın müharibədə “fasilə götürməsinin” səbəbi isə Makronun vədləri olub:
“Bu, diplomatiyanın uğursuzluğu, cəhalətin xain səviyyəsi, böyük siyasəti Makronun himayəsi altında ölkənin hiyləgərliyi ilə əvəzləməyin nəticəsi idi”.
Aşotyan Paşinyanın guya Azərbaycanın “əvvəlki humanitar atəşkəsi pozduğu” səbəbindən 13-16 oktyabr müzakirələrindən yayındığı iddiasına da cavab verib: “Əgər Azərbaycan doğrudan da Rusiyanın vasitəçiliyi ilə əldə edilən əvvəlki atəşkəsi pozmuşdusa, Əliyevin Putindən çox Makrona hörmət edəcəyi hardan ağlına gəlirdi?
Əslində Nikol bununla etiraf etdi ki, o, nəinki 44 günlük müharibəyə qədər, hətta bu müddət ərzində vəziyyətimizi daha da ağırlaşdıran geosiyasi oyunlar oynayıb”.
O, 19 oktyabrda atəşkəs razılaşmasını Paşinyanın “Meğriyə rus sülhməramlıların yerləşdirilməsinə görə” qəbul etmədiyi iddiasını da yalan adlandırıb və ilk dəfə olaraq 10 noyabr 2020-ci il bəyanatındakı 9-cu bəndə bu prizmadan yanaşıb:
“Sizin (Ermənistan hakimiyyətinin – red.) necə adlandırmağınızdan asılı olmayaraq, 9 (10) noyabr tarixli Üçtərəfli bəyanatın 9-cu bəndi məhz Meğri ilə bağlıdır. Orda göstərilir ki, (Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirən) kommunikasiyaların təhlükəsizliyini Rusiya FTX-nin Sərhəd Xidməti təmin edəcək. İndi Nikol və onun sevimlisi (Makron nəzərdə tutulur – red.) danışıqlar apararaq, bu razılaşmadan qurtulmağa çalışırlar”.