Paşinyanın sözlərindən Ermənistanın rusiyapərəst, yoxsa qərbyönlü kurs tutduğu anlaşılmır, o, daim ziddiyyətli bəyanatlar verir.
AzerTimes xəbər verir ki, bunu Ermənistan Milli Konqresinin sədr müavini Levon Zurabyan deyib.
“Paşinyan bildirib ki, AB-nin himayəsi altında Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması üçün yol xəritəsi yaradılıb. Hər şey çox sadədir. Əliyev Paşinyanın barmağına dolanıb: onu Qarabağın statusunu gələcəyə saxlayan Rusiya variantı qane etmədi, ona görə də Əliyev Qərb platformalarında danışıqlara qoşuldu. Ermənistanın Qarabağdan imtina etməsi prosesi hələ 2022-ci ildə, Paşinyan-Əliyev-Mişel görüşündə qəbul edilən bəyanatla başladı..
Paşinyan düşünürdü ki, Qarabağı qurban verməklə Ermənistanı xilas etmək olar. Amma o düşünmürdü ki, Əliyev Rusiyanın zəifləmiş vəziyyətindən istifadə edərək Qarabağı almaq üçün “yolu yarıya qədər” gedəcək. Paşinyan Qranadada Əliyevi gözləyirdi ki, Ermənistanın maraqlarına uyğun hissə (yol xəritəsi – red.) imzalansın, lakin Azərbaycan prezidenti İspaniyaya uçmadı.
İndi Paşinyan düşünür ki, Qərb Əliyevə təzyiq edəcək və o, oktyabrın sonunda görüşə gələcək. Qərb özü də bu sənədin imzalanmasına nail olmaq istərdi, çünki bu, Rusiyanın regionda təsirini zəiflədəcək və onun sərhədlərində növbəti müharibənin başlama riskini azaldacaq. Lakin Əliyev hələ də gündəmini bitirməyib və indi Rusiya platformasında Ermənistan üzərindən dəhliz əldə etmək istəyir.
Ermənistan hakimiyyəti də necə aldadıldığını anlamağa başlayıb, çünki nə Rusiya platformasında aparılan danışıqlar, nə də Bakı ilə birbaşa müzakirələr onların gözlədiklərini təmin etməyəcək. Bu tam iflasdır.
Avropada alqış almaq üçün sadəcə Rusiyanı tənqid etmək lazımdır. Amma bu, təhlükəli strategiyadır, çünki Rusiya ciddi faktor olaraq qalır və Ermənistan üçün problemlər yarada bilər.
Paşinyanın ən böyük səhvi odur ki, o, Qərbin Azərbaycanı cilovlaya biləcəyini, AB-nin Azərbaycanı saxlamaq qabiliyyətinə, istəyinə və niyyətinə malik olduğunu düşünür. Bu, Paşinyanın primitiv düşüncəsinin nəticəsidir. O, cahil Saakaşvilidir”, – deyə siyasətçi vurğulayıb.