Nikol imzalamadı, bölgədə vəziyyət qarışacaq

Nikol imzalamadı, bölgədə vəziyyət qarışacaq

Ermənistanın Rusiyanın təsir zonasından çıxmaq niyyətində olduğunu başa düşməyin vaxtıdır. Bu Cənubi Qafqaz ölkəsi ABŞ və Avropadan böyük qrantlar alır, onun ərazisində NATO əsgərləri hazırlanır, burada ondan çox ikili təyinatlı bioloji laboratoriya yerləşir və qəribədir ki, Amerikanın ən böyük səfirliklərindən biri də məhz İrəvanda fəaliyyət göstərir.

Bu barədə AzerTimes-a açıqlamasında rusiyalı politoloq, millətlərarası münaqişələr və təhlükəsizlik məsələləri üzrə ekspert Yevgeni Mixaylov bildirib.

“Bütün bunlar, əlbəttə ki, kədərli düşüncələrə gətirib çıxarır – xüsusən də Ermənistanda Rusiyaya qarşı kütləvi etiraz aksiyalarının keçirilməsi fonunda. Yaxşı, burada artıq müəyyən nəticələr çıxarmaq lazımdır. İrəvan Bakını “təcavüzkar” adlandıranda, ilk növbədə, 1990-cı illərdə Azərbaycan ərazisinin 20%-ni kimin işğal etdiyini düşünmək lazımdır. Bununla bağlı BMT TŞ-nin qətnamələri də var idi ki, bu da heç nəyə gətirib çıxarmadı. ATƏT-in Minsk Qrupu da var idi, onun fəaliyyəti də nəticəsiz oldu. Nəhayət, Azərbaycan öz ərazilərini güc yolu ilə geri ala bildikdən sonra Rusiya İrəvanla Bakı arasında baş sülhməramlı rolunu öz üzərinə götürdü.

Artıq heç bir diskussiya meydançasında Qarabağın statusu müzakirə olunmur, çünki hamıya aydındır ki, bu, Azərbaycanın ayrılmaz hissəsidir. Ermənistan da bunu yaxşı başa düşür. İndi İrəvan öz yeni oyununu oynamağa çalışır. Bu, xüsusilə KTMT-nin İrəvandakı sammitindən sonra görünməyə başladı. Nikol yekun bəyannaməni imzalamadı. Düşünürəm ki, bundan sonra ABŞ bu vəziyyəti daha da qarışdıracaq və indi Rusiya vəziyyəti sabitləşdirmək üçün maksimum səy göstərməlidir”, – deyə həmsöhbətimiz qeyd edib.

Teqlər: