Ermənistan Baş naziri Nikol Paşinyan növbəti dəfə 10 noyabr Üçtərəfli bəyanatı təhrif edən açıqlama verib.
AzerTimes xəbər verir ki, Paşinyan hökumətin iclasında etdiyi çıxışında Zəngəzur dəhlizinin açılması ilə bağlı bir dənə də olsun sənəd imzalamadığını bildirib.
Hətta erməni baş nazir deyib ki, bununla bağlı Azərbaycan tərəfinə nə yazılı, nə də şifahi vədlər verib.
Qeyd edək ki, bu, Nikol Paşinyanın növbəti manipulyasiyası və 10 noyabr 2020-ci il bəyanatını təhrif etməsidir. Belə ki, 10 noyabr bəyanatının 9-cu bəndində deyilir:
“Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”.
Bu maddədə “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası” ilə Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirən maneəsiz yolun (!) açılması ayrı-ayrı məqamlardır.
Maneəsiz yol isə dəhliz anlamındadır və bu maddədən də göründüyü kimi, “Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin edilməlidir”.
Ermənistan Rusiya Sərhəd Xidmətinin nəzarətində olacaq bu yeni nəqliyyat dəhlizinin çəkilməsinə imkan vermir, yalnız “kommunikasiya xətlərinin açılmasından” danışmaqla, öhdəliyindən boyun qaçırır.