Nikol Bakıya bu halda gələcək – Rusiyadan baxış

Nikol Bakıya bu halda gələcək – Rusiyadan baxış

Rusiyalı politoloq, millətlərarası münaqişələr üzrə mütəxəssis, təhlükəsizlik üzrə ekspert Yevgeni Mixaylovun AzerTimes-a müsahibəsi:

– Son vaxtlar Ermənistan getdikcə daha çox silah almağa başlayıb. Hindistan bu yaxınlarda Ermənistanı ən böyük silah alıcısı elan etdi. Sülh müqaviləsinin imzalanmasının hər zamankından daha yaxın olduğunu nəzərə alsaq, Ermənistan nəyə can atır?

– Başa düşmək lazımdır ki, Ermənistan son zamanlar NATO ilə qarşılıqlı fəaliyyətdə fəallığını artırıb, sərt antirusiya ritorikasına əl atıb. Əslində, Ermənistan müqaviləni imzalamaq üçün sülhməramlı niyyətləri ilə Azərbaycanı aldadır. Ermənistanın sülh müqaviləsi imzalamaq fikrində olmadığını görmək üçün Azərbaycana çəhrayı eynək lazım deyil. Əgər imzanı atsa belə, bu, sonradan onu pozmaq niyyəti güdəcək. Hindistana gəlincə, Ermənistanın silah almasına təəccüblənmək lazım deyil. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan diqqətli olmalı, “sülh istəyirsənsə, müharibəyə hazırlaşın” məsəlini unutmamalıdır.

– Mariya Zaxarova bir neçə gün əvvəl keçirdiyi brifinqdə Bakı ilə İrəvan arasında danışıqlar platforması təklif etdi. Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə də rəsmi Bakının danışıqlar üçün istənilən, o cümlədən Moskva platforması ilə razılaşdığını açıqlayıb. Erməni tərəfi isə heç bir rəsmi şərh verməyib. Ermənistanın bu addımını necə qiymətləndirirsiniz?

– Mariya Zaxarovanın simasında Rusiyadan gələn təklif tamamilə məntiqlidir. Moskva, əvvəlcə, danışıqların əsas iştirakçısı olub və Ermənistanı hələ 2020-ci ildə tam məğlubiyyətdən xilas edib. Moskva sülh müqaviləsinin əldə olunmasında vasitəçi olmaqda davam edir. Amma başa düşmək lazımdır ki, Ermənistan artıq üçüncü ildir ki, öz səylərini birləşdirmək və Qərblə birgə tərəfdaşlıq etmək kursu götürüb. Üstəlik, Qərb ermənilərə şirin vədlər verərək, artıq vizasız rejimi müzakirə edir, İrəvana “gəl” deyirlər. Ermənilərin çoxu isə “Ah, nə yaxşı, indi 5 min avro maaş alacağıq, hər şey yaxşı olacaq”, – deyə fikirləşir. Əslində, Ermənistan bu mənada Ukraynaya baxsın. Deməli, öz siyasətçilərinin simasında Ermənistan öz yolunu seçib. Bu yol dövlətçiliyin itirilməsinə gətirib çıxararsa, təəccüblü olmaz.

– Bildiyiniz kimi, Azərbaycan öz istəyi ilə Ermənistanı COP29-a dəvət etdi. Paşinyan avqustda bu məsələ ilə bağlı mətbuat konfransı keçirməyi planlaşdırır. Dəvət qəbul olunarsa, Ermənistan hökuməti və ictimaiyyətinin reaksiyası necə olacaq?

– Azərbaycan bütün beynəlxalq müqavilələrə, şərtlərə və oyun qaydalarına əməl edən ölkə olaraq Ermənistanı COP29-a dəvət etdi. Paşinyanın siyasi addımlarını izlədikdə isə həm də hücum texnikası almağa üstünlük verdiyini görərik. Pilotsuz təyyarələr, artilleriya və s. bu silahları alaraq arsenalını gücləndirir. Hesab edirəm, Paşinyanın konfransa gəlmək ehtimalı azdır. Digər tərəfdən, əgər Paşinyanın Qərb tərəfdaşları onu razı salsalar, daha doğrusu, “Nikol Vovayeviç, getmək lazımdır”, – desələr, o, gələcək. Çünki Nikol tamamilə idarə olunan liderdir. COP29-a gəlmək istiqamıtində iradəli qərar verərsə, bu, ona böyük müsbət xal gətirəcək. Amma nədənsə buna şübhə edirəm. Ermənistan cəmiyyətində Azərbaycana qarşı müsbət münasibət müşahidə etməmişəm.

Teqlər: