Niderlandda Xocalı soyqırımının qurbanları faciə şahidlərinin iştirakı ilə anılıb (FOTO)

Diasporla İş üzrə Dövlət Komitəsi və Niderland–Belçika Azərbaycanlıları Koordinasiya Şurasının dəstəyi, eləcə də Niderland Krallığında fəaliyyət göstərən “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin təşkilatçılığı ilə “Xocalı – Qan Yaddaşımız!” mövzusunda videokonfrans keçirilib.

Komitədən AzerTimes-a bildirilib ki, Xocalı soyqırımının canlı şahidləri Mürvət Məmmədov, Dürdanə Ağayeva, Samirə Hüseynova, Şahin Əzimov və Ayna Novruzovanın da qatıldığı videokonfransda Azərbaycanın Niderlanddakı səfiri Fikrət Axundov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev, Niderland Parlamentinin üzvü, DENK Partiyasının deputatı Tunahan Kuzu, Milli Məclisin üzvləri Sahib Alıyev və Ramin Məmmədov, “Xocalı Soyqırımını Tanıtma” İB-in sədri Şamil Ələkbərli, Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə–Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun sədri, professor Aygün Attar, tarix elmləri doktoru, professor Həvva Məmmədova, Ağdamın mərkəzi rayon xəstəxanasının sabiq baş həkimi Taryel Eyvazov, Azərbaycanın Əməkdar artisti, Qarabağ şəhidinin xanımı Gülüstan Əliyeva, Diaspor İnformasiya Mərkəzinin rəhbəri Toğrul Allahverdiyev, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk və başqaları iştirak ediblər.

Tədbir Xocalı şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Videokonfransın moderatoru Xatirə Sərdarqızı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verənlər barədə məlumat verdikdən sonra Xocalı soyqırımına aid videoçarx nümayiş etdirilib.

Tədbirdə giriş sözü ilə çıxış edən Mayisə Ağamirzəyeva bildirib ki, xaricdə fəaliyyət göstərən bütün diaspor təşkilatları kimi Niderlanddakı diaspor təşkilatları da erməni cəlladlarının xalqımızın başına gətirdikləri müsibətlərin, o cümlədən Xocalı soyqırımının unudulmasına yol verməmək məqsədilə hər il anım mərasimləri təşkil edir, konfranslar keçirir, beynəlxalq təşkilatlara və Niderlandın dövlət qurumlarına bəyanat və məktublar ünvanlayırlar.


Daha sonra videokonfransda səfir Fikrət Axundov, Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev, millət vəkili Sahib Alıyev, niderlandlı millət vəkili Tunahan Kuzu, professor Aygün Attar, Xocalı sakini Dürdanə Ağayeva, həkim Tariyel Eyvazov və başqaları çıxış ediblər.
Qeyd edilib ki, Xocalı soyqırımı ədalətin iflası, milli və dini mənsubiyyətə görə törədilmiş faciədir və bu cür cinayətlərin bir daha baş verməməsi üçün yüksək səslə “Xocalıya ədalət!” tələb olunmalı, müxtəlif ölkələrin parlamentləri tərəfindən soyqırıma hüquqi-siyasi qiymət verilməli, erməni cəlladları beynəlxalq hərbi tribunal tərəfindən cəzalandırılmalıdır.
“Təəssüf ki, 100 il bundan öncə olmayan olayları gündəmə gətirirlər, amma 29 il öncə baş verən Xocalı soyqırımı haqqında duymaq istəmirlər. Xocalı soyqırımını ilk dəfə Niderland Parlamentində gündəmə gətirən DENK partiyasının millət vəkili kimi mən olmuşam. Bununla işimiz bitmir, hər zaman bu barədə danışmalıyıq, unutma-malı, unutdurmamalıyıq”, – deyə niderlandlı millət vəkili Tunahan Kuzu qeyd edib.

Xocalı sakini D.Ağayeva əsir qaldığı günlərdə özünün və digər sakinlərin başlarına gətirilən dəhşətli hadisələrdən danışıb, ömrünün sonuna qədər bu həqiqətləri duyuracağını və ədalətin bərpa olunması üçün əlindən gələni edəcəyini bildirib.
Videokonfrans “Facebook” sosial şəbəkəsi üzərindən canlı yayımlanıb.

Teqlər: