Niderlandda 21 Azər Hərəkatı ilə bağlı tədbir keçirildi

Niderlandda 21 Azər Hərəkatı ilə bağlı tədbir keçirildi

21 Azər – Milli Azadllq Hərəkatının 78-ci ildönümü münasibətilə Benilüks Azərbaycanlıları Konqresi (BAK) tərəfindən Niderland Krallığının Rotterdam şəhərindəki “Qarabağ” İdman klubunun qərargahında tədbir təşkil edilib.

Bu barədə AzerTimes-a Benilüks Azərbaycanlıları Konqresinin Cənubi Azərbaycan üzrə nümayəndəsi Araz Ataxan məlumat verib.

Onun sözlərinə görə, tədbirdə Niderlandda fəaliyyət göstərən Azərbaycan, eləcə də türk təşkilat və icma üzvləri iştirak edib.

Mərasim Milli Hökumətinin “Yaşa, Azərbaycan!” və Azərbaycanın dövlət himni ilə başlayıb. Sonra 21 Azər hadisələrini əks etdirən film nümayiş etdirilib.

BAK sədri Elsevər Məmmədov 21 Azər hadisələri haqqında qısa xülasə verərək, bunun xalqımızın tarixində mühüm bir hadisə olduğunu qeyd edib.

BAK sədrinin müavini Sima Cəfərova isə çıxışı zamanı XX əsrdə Güney Azərbaycanda baş vermiş mühüm hadisələrdən danışaraq, Səttərxan, Xiyabani, 21 Azər və digər milli oyanış hərəkatları tarixindən söz açıb. Həmçinin, Güney azərbaycanlıların demokratiya və ədalətin, milli haqların bərpası, ana dilinin, yerli adət və ənənələrin yaşanması naminə apardıqları mübarizədən danışıb.

Benilüks Azərbaycanlıları Konqresinin Cənubi Azərbaycan üzrə nümayəndəsi Araz Ataxan 21 Azərdə Milli Hökumətin qurucularından olan Baş nazir Seyid Cəfər Pişəvəri və onunla çiyin-çiyinə çalışmış digər ziyalılarımızın həyat və yaradıcılığını, mübarizəsini dilə gətirərək, bu hərəkatın yaranma zərurəti və inkişaf mərhələləri barədə tarixi faktları ortaya qoyub. O, Qacarlar imperiyasının süqutundan günümüzə kimi Azərbaycanın azadlığı və xalqın milli-mədəni hüquqları uğrunda yorulmadan, davamlı olaraq düşmənə qarşı çarpışan şücaətli mübarizlərin başına gətirilən müsibətləri də tədbir iştikaçılarının diqqətinə çatdırıb.

Tədbirdə daha sonra BAK İdarə Heyətinin üzvü, Azərbaycan-Hollandiya Həmrəylik Cəmiyyətinin sədri Niyazi Əmikişiyev, Beynəlxalq Xanımlar Klubunun təsisçisi Kəmalə Cəlilova, Niderland Belçika Azərbaycanlıları Koordinasiya şurasının üzvü Cəfər Gündoğdu da çıxış ediblər. Çıxışlarda 21 Azər azadlıq hərəkatının əhəmiyyəti, 44 günlük Vətən müharibəsi, Qarabağın 30 ildən sonra düşmən caynağından qopması və azadlıq məfhumunun aspektləri də diqqətə çatdırılıb.

Teqlər: