Niderland parlamenti və Ermənistanın Haaqadakı səfirliyi qarşısında Xocalı soyqırımı ilə bağlı aksiyalar keçirilib (FOTO)

Niderlandın Haaqa şəhərində Xocalı soyqırımının 30-cu ildönümü
ilə əlaqədar silsilə aksiyalar keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AzerTimes-a verilən məlumata görə, aksiyalar
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, “Ana Vətən” Avropa
Azərbaycanlı Qadınlar Birliyinin və Benilüks Azərbaycanlıları
Konqresinin təşkilatçılığı ilə Niderland parlamenti və Ermənistanın
Haaqadakı səfirliyi qarşısında baş tutub. Aksiyalarda
Azərbaycan-Niderland “Odlar Yurdu” Cəmiyyəti də iştirak edib.

Üç saatdan çox davam edən aksiyalar zamanı 30 ağ stulun üzərində
“Xocalıya Ədalət!” şüarı yazılmış posterlər nümayiş olunub və
Xocalı soyqırımının ildönümləri rəqəmlərlə (1-dən 30-dək)
göstərilib. Ağ rəng Niderlandda matəm və etiraz rəmzi olduğu üçün
aksiyaçılar bu vasitə ilə Niderland parlamentindən Xocalı
soyqırımına hüquqi-siyasi qiymətin verilməsini tələb ediblər.
Ermənistan səfirliyinin önündə isə Xocalı soyqırımının bəşəri
cinayət olduğuna diqqət cəlb edilib.

Bundan başqa, Azərbaycan icması növbəti dəfə Xocalı soyqırımının
tanınması məqsədilə petisiya imzalayaraq Niderland parlamentinə və
müvafiq dövlət qurumlarına ünvanlayıb.

Aksiyalar Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla
Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən gerçəkləşdirilən “Xocalıya
ədalət!” beynəlxalq təbliğat kampaniyası çərçivəsində baş
tutub.

Teqlər: