Nic qəsəbəsində Milad bayramı belə qeyd olundu – Foto

Nic qəsəbəsində Milad bayramı belə qeyd olundu – Foto

Dünyanın pravoslav xristianları tərəfindən qeyd edilən İsa Peyğəmbərin mövludu günü – Milad bayramı münasibətilə Qəbələ rayonunun Nic qəsəbəsində yerləşən “Cotari “alban kilsəsində bayram mərasimi keçirilib.

AzerTimes xəbər verir ki, Milad bayramını qeyd etmək üçün səhər saatlarında böyükdən-kiçiyə hər kəs evindən çıxaraq “Cotari” alban kilsəsinə üz tutub. Kilsə ətrafında cəmləşən qəsəbə sakinləri bir–birlərinə xoş sözlər deyərək bayramlaşıblar. Kilsənin önündə qonaqlar üçün açılan bayram süfrəsi xüsusi ilə uşaqların sevincinə səbəb olub.

Bayram üçün hər kəs toplaşdıqdan sonra dini ayinlərin icrası üçün kilsədə mərasim təşkil edilib. Mərasimdə Alban-Udi icmasının rəhbəri Robert Mobili Milad bayramının mahiyyətindən, tolerantlıq diyarı olan Azərbaycanda dini ayinlərin icrası üçün yaradılan şəraitdən danışıb: “Bu gün Azərbaycan müxtəlif millətlərin, dini konfessiyaların dinc birgə yaşadığı unikal ölkədir. Azərbaycanda bütün dinlərin nümayəndələrinə öz dini etiqad və azadlıqlarını ifadə etmək, dini ayin və mərasimlərini sərbəst yerinə yetirmək üçün şərait yaradılıb. Bu gün bizə çoxlu təbriklər gəlib. Xüsusilə Prezidentimizin təbrikini qeyd etmək istəyirəm. Həmçinin Mədəniyyət Nazirliyi, Dini Qurumlar üzrə Dövlət Komitəsi, müsəlman icmaları, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən də təbriklər göndərilib. Bilirsiniz ki, Qarabağdakı torpaqlarımızda olan müqəddəs irsimiz, alban kilsələri 30 ilə yaxın əsir idi. Ali Baş Komandanımızın rəhbərliyi, rəşadətli Azərbaycan əsgərinin sayəsində nəhayət, biz o dini ocaqlarımıza gedə bildik, orda ibadət elədik, şəhidlərimizi yada saldıq, şamlar yandırdıq”.

Robert Mobili bildirib ki, Azərbaycan müstəqilliyini bərpa edəndən sonra digər dini icmalar kimi, Alban-udi xristian icması üçün də çox gözəl şərait yaranıb. “İndi biz Milad və Pasxa bayramlarını daha geniş və rahat qeyd edə bilirik”, – deyə o əlavə edib.

Teqlər: