Niaqara şəlaləsi bayrağımıza büründü – Foto

Niaqara şəlaləsi bayrağımıza büründü – Foto

Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı Səfirliyinin təşəbbüsü ilə ABŞ və Kanada arasında yerləşən və dünyanın ən böyük şəlalələrindən olan Niaqara şəlaləsi 9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə mavi, qırmızı və yaşıl rənglər ilə işıqlandırılıb.

Bu barədə səfirlikdən AzerTimes-a bildirilib.

Qeyd edilib ki, 8 noyabr tarixinin ölkəmizdə Zəfər Gününə təsadüf etməsi, eləcə də, ABŞ və Azərbaycan arasında vaxt fərqini nəzərə alaraq, şəlalənin məhz bu tarixdə işıqlandırılması üçün Azərbaycanın ABŞ-dakı Səfirliyi tərəfindən Niaqara Şəlaləsi Dövlət Parkının rəhbərliyinə müvafiq müraciət ünvanlanıb və Park rəhbərliyi tərəfindən sözügedən müraciət ilə bağlı müsbət qərar qəbul edilib.

Xatırladaq ki, Azərbaycan Respublikasının rəsmi simvollarından (himn və gerblə birlikdə) biri olan bayraq ilk dəfə 9 noyabr 1918-ci ildə müsəlman şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq edilmişdir. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən dövlət bayrağını bərpa etmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla 9 noyabr tarixi Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.

Teqlər: