Aprelin 24-də dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn şahmat seriyasının növbəti turniri start götürüb.
Trend xəbər verir ki, “New In Chess Classic” adlanan turnirdə şahmatçılarımız Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovla yanaşı, Maqnus Karlsen, amerikalı şahmatçılar Uesli So, Leyner Dominqes, rusiyalı Sergey Karyakin, ermənistanlı Levon Aronyan, FIDE-ni təmsil edən Alireza Firuzca, Norveç təmsilçiləri Aryan Tari və Yoxan-Sebastyan Kristyensen, polşalı Yan-Kşıştof Duda, Vyetnam təmsilçisi Le Quanq Lyem və hindistanlılar Vidjit Santos və Rameşbabu Praqnanandha iştirak edirlər.
Bu gün şahmatçılarımız ilk 5 turda mübarizə aparacaqlar. Şahmatçımız T.Rəcəbov 3-cü turda prinsipial rəqibi Levon Aronyanla heç-heçə edib. Təmsilçimiz ondan əvvəlki iki turda Q.Cons və A.Tariyə qalib gəlib. Şəhriyar Məmmədyarov isə birinci turda H.Nakamuraya uduzub, ikinci turda isə A.Firuzcaya qalib gəlib.
Qeyd edək ki, 16 şahmatçının mübarizəyə qatıldığı və mayın 2-dək davam edəcək turnirdə ən güclü 8 şahmatçı pley-offa vəsiqə qazanacaq.
“Champions Chess Tour” onlayn şahmat seriyası ümumilikdə 10 turnirdən ibarət olacaq və 2021-ci ilin sentyabr ayınadək davam edəcək.