“Netfliks” Azərbaycana qarşı film çəkir

“Netfliks” Azərbaycana qarşı film çəkir

Qərbin müəyyən dairələrində anti-Azərbaycan ritorika səngimir. Bu çirkin təbliğat bütün əndazələri aşmaqdadır. Erməni lobbisinin təsiri altında olan dairələr rəsmi Bakının Cənubi Qafqazda yaratdığı reallıqlarla barışmayaraq ona qarşı hərtərəfli hücuma start veriblər. Ən acınacaqlı hal ondan ibarətdir ki, bu hücum bütün sahələri əhatə etməkdədir. Qərəzli, riyakar fəaliyyətlərinə özlərini müxalifət adlandıran yerli qüvvələri də qoşulublar. Hədyanlıq o həddə çatıb ki, Azərbaycanda özünü müxalifət kimi qələmə verən şəxsləri “ekspert” və “mütəxəssis” kimi qərəzli təbliğatlarına cəlb edirlər. Bəlli olub ki, Qərbin müxtəlif dairələri bu dəfə Azərbaycanın müasir dövr tarixi ilə bağlı qərəzlə dolu film ərsəyə gətirməyə hazırlaşırlar.

AzerTimes xəbər verir ki, Report-un araşdırma qrupunun əldə etdiyi eksklüziv məlumata görə, Böyük Britaniyada yaşayıb-yaradan yazıçı Devid Qreys tərəfindən “Cəzasız olan cinayət” beynəlxalq bədii layihə hazırlanır.

Bu layihədə Rusiya İmperiyasının, Sovet İttifaqının və Rusiya Federasiyasının postsovet məkanında yaşayan xalqlara qarşı törədilmiş cinayətlərinin “Netfliks” video platformasında göstərilməsi nəzərdə tutulub. İlk baxışda burada qeyri-adi nəsə yoxdur. Adi bir tarixi filmdir. Lakin əldə etdiyimiz məlumata görə, filmdə sovet dövründə Azərbaycanda hakimiyyətdə olanlar, eləcə də, indiki hakimiyyət haqqında mənfi məlumatların verilməsi nəzərdə tutulur.

Layihəyə məsləhətçi kimi isə “Milli Şura” kimi tanınan qurumun sədri Cəmil Həsənli dəvət olunub. Azərbaycanla bağlı daha çox qərəzli mövqedən çıxış edən müxalifət funksioneri sözsüz ki, ortaya obyektiv mövqe qoya bilməz. Məgər həmin dövrlə bağlı digər bir mütəxəssis tapmaq çox çətin idimi? Hər halda Azərbaycan tarixinin həmin illərini araşdıran çoxsaylı ekspert və alimlər mövcuddur. Bu da Azərbaycana qarşı qərəzli yanaşmanın növbəti təzahürüdür.

Xatırladaq ki, layihənin gələn ilin aprel ayında “Netfliks” platformasında nümayişi planlaşdırılır.

Teqlər: